Şamaxıda "Fəal təlim – fəal şagird" layihəsi çərçivəsində növbəti təlim keçirilib
23 oktyabrda Şamaxıda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş "Fəal təlim – fəal şagird” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Şamaxı rayonunun A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin şagirdləri üçün təşkil olunmuş təlimin mövzusu layihə iştirakçılarının təlimatlandırılması və məktəbdaxili intellektual oyunların təşkili ilə bağlı olub. İştirakçılara layihə şərtlərini özündə əks etdirən təlimat materialları paylanılıb. Təlimçi Vasif Şıxıyev 3 ay müddətinə Şamaxı rayonunun bir neçə ümumtəhsil məktəbinin şagirdləri arasında reallaşdırılacaq layihənin əhəmiyyəti, mərhələləri və keçirilmə şərtləri haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
“Fəal təlim – fəal şagird” layihəsi 2009-cu ildən etibarən Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində tətbiq edilən Milli Kurikulum Strategiyasının əsasında və yalnız Şamaxı rayonunun kənd və qəsəbə məktəblərinin IX sinfində təhsil alan şagirdlər arasında reallaşdırılan bu tipli ilk rəsmi, intellektual layihədir.
Layihənin məqsədi müxtəlif tipli intellektual oyunlar vasitəsilə şagirdlərimizə Azərbaycanın zəngin tarixini, mədəniyyətini, dahi şəxsiyyətlərini tanıtmaqdan ibarətdir. Məqsədlər sırasına həmçinin bölgəmizdəki intellektual şagirdləri ictimaiyyətə tanıtdırmaq, şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək də daxildir.
Nargilə Şıxıyevanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.