02.06.2021

Uşaqlara ilkin psixososial dəstəyin göstərilməsi mövzusunda vebinarlar keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra etdiyi “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi” adlı layihə çərçivəsində cəbhəyanı bölgələrdən olan valideynlər üçün vebinarlar keçirilib. Vebinarlar uşaqlara ilkin psixososial dəstəyin göstərilməsi mövzusunda təşkil olunub.

Nümunəvi valideynliyin təbliği və münaqişədən təsirlənən uşaqların ruhi sağlamlığı və psixoloji rifahının dəstəklənməsi məqsədilə təşkil olunan vebinarlar zamanı valideynlərə psixi sağlamlıq və psixososial rifah, böhran dövrlərində müxtəlif yaşlı uşaqların stressə reaksiyası və stressin göstəriciləri barədə məlumat verilib.

Bundan əlavə, uşaqların emosional zəkasının yüksəldilməsi və böhranla üzləşən uşaqlara psixososial dəstək göstərilməsi məqsədilə valideynlərə dəstəkləyici ünsiyyəti inkişaf etdirmək üçün tövsiyələr verilib. Vebinarlar zamanı, həmçinin valideynlər üçün hazırlanan video çarxlar nümayiş etdirilib.

Qeyd edək ki, cari ilin may ayı ərzində təşkil edilən vebinarlarda ümumilikdə 1025 valideyn iştirak edib.