03.06.2021

Məktəblilər arasında ilk dəfə "Makerthon 2021" müsabiqəsi keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azərbaycan” layihəsi çərçivəsində məktəblilər arasında ilk dəfə “Makerthon 2021” müsabiqəsi keçirilib.

“Makerthon 2021” müsabiqəsinin əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif ideyaların, yeni innovativ həllərin və alətlərin yaradılması, həmçinin rəqabət şəraitində biliklərin yoxlanılması və yeni biliklərin qazanılması, əməkdaşlıq üçün şərait yaradılmasıdır.

Müsabiqədə STEAM layihəsi tətbiq olunan məktəblərin 6-cı və 7-ci sinif şagirdləri iştirak edib.

Məktəblilər arasında ilk dəfə keçirilən “Makerthon 2021” müsabiqəsində 1-ci yerə Astara şəhəri 1 nömrəli tam orta məktəb “Ağıllı körpü” layihəsi ilə, 2-ci yerə Bakı şəhəri 173 nömrəli tam orta məktəb “Ağıllı ev” layihəsi ilə, 3-cü yerə Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey “Ağıllı ev” layihəsi ilə, Şirvan şəhəri Kimya, biologiya təmayüllü Respublika liseyi (STEAM Mərkəzi) “Parkinq” layihəsi ilə və Bakı şəhəri 67 nömrəli tam orta məktəb “Radar” layihəsi ilə layiq görülüb.

Qeyd edək ki, yarışın münsiflər heyətində “STEAM Azərbaycan” komandası və Azərbaycan Respublikasının Təhsil İnstitutu təmsil olunub.