10.06.2021

ARTİ uşaqların ruhi sağlamlığı və psixoloji rifahını dəstəkləməyə yardım edəcək videoçarxlar hazırlayıb

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra etdiyi “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi” adlı layihə çərçivəsində 2 videoçarx hazırlanıb.

Valideyn və ailənin rolunu, müsbət valideynliyi və münaqişədən təsirlənən uşaqların ruhi sağlamlığı və psixoloji rifahını dəstəkləməyə yardım edəcək videoçarxlar emosional zəka və dəstəkləyici ünsiyyət mövzularındadır.   

"Emosional zəka və onun uşaqların psixi sağlamlığında əhəmiyyəti" adlı videoda uşaqlarda möhkəm münasibətlər qurmağa, mühüm qərarlar verməyə və çətin situasiyaların öhdəsindən gəlməyə, həmçinin onlarda davranış və psixi sağlamlıq problemlərinin yaranma riskini azaltmağa kömək etmək məqsədilə valideynlərə övladlarında emosional zəkanı inkişaf etdirmək üçün tövsiyələr verilib. Videonu izləmək üçün bu linkə daxil ola bilərsiniz: https://www.youtube.com/watch?v=03i8lna93wc

"Böhran zamanı uşaqlara psixososial dəstək göstərilməsi üçün dəstəkləyici ünsiyyət” adlı digər videoda isə böhranla üzləşən uşaqlara daha təhlükəsiz və etibarlı mühitdə olduqlarını, onların başa düşüldüyünü və ehtiyac duyduqları qayğını aldıqlarını hiss etdirmək məqsədilə valideynlərə övladları ilə dəstəkləyici ünsiyyəti inkişaf etdirmək üçün tövsiyələr verilib. Videonu izləmək üçün bu linkə daxil ola bilərsiniz: https://www.youtube.com/watch?v=HqOn869ByvQ