24.10.2017

"Fərdi inkişaf məktəbi" layihəsinin seçim turu başa çatıb

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş "Fərdi inkişaf məktəbi” layihəsinin seçim turu başa çatıb.

Layihəsinin əsas məqsədi məktəblilərin hərtərəfli inkişaf etmiş şəxsiyyət olaraq formalaşmasına kömək etmək, onların potensialını doğru qiymətləndirmək, həmçinin insan kapitalı, qısaca cəmiyyət üçün “əsl insan yetişdirmək”dən ibarətdir.

Seçim turu S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının  IX-XI sinif şagirdləri arasında aparılıb. Seçim turunda şagirdlərə xüsusi anket formaları yazdırılıb. Anketlərdə təklif olunan təlim mövzuları 10 ballıq sistemlə qiymətləndirilmək üçün şagirdlərin ixtiyarına verilib. Nəticədə şagirdləri ən çox maraqlandıran təlim mövzuları müəyyən edilərək seminarların keçirilmə qrafiki tərtib edilib. Daha sonra isə layihə çərçivəsində təlimçilərdən ibarət işçi qrupu ilə görüş keçirilib.

İcra müddəti 3 ay olan layihə çərçivəsində təlimçilər tərəfindən şagirdlərə təlim və seminarlar keçirilməsi nəzərdə tutulub.

Layihənin sonunda 150 nəfər iştirakçı sertifikatla təltif olunacaq və ən yüksək göstəriciyə malik ilk 3 iştirakçısı isə mükafatlandırılacaqlar.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.