14.06.2021

ARTİ Tədqiqat Mentorluq Proqramına seçilən mentor və mentilərlə görüş keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan Tədqiqat Mentorluq Proqramına seçilən mentor və mentilərlə görüş keçirilib.

Onlayn görüşün moderatoru ARTİ-nin Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən Könül Abaslı olub. Görüş iştirakçılarını salamlayan Könül Abaslı çıxış üçün sözü ARTİ-nin direktoru Rüfət Əzizova verib.

Rüfət Əzizov bütün iştirakçılara proqrama müraciət etdikləri üçün təşəkkürünü bildirib. Ölkə üçün tədqiqat sahəsinin mühümlüyünü vurğulayan R.Əzizov qeyd edib ki, proqramın əsas məqsədlərindən biri də ARTİ-də mövcud olan tədqiqat resurslarından və imkanlarından institutdan kənar mütəxəssislərin də faydalanmasıdır. Bu istiqamətdə fəaliyyətlərin genişləndirilərək ölkədə tədqiqat potensialının artırılmasına və tədqiqatçı şəbəkəsinin yaradılmasına töhfələr verəcəyi gözlənilir. Sözügedən proqramda iştirak edən mentorlar və mentilər layihənin bir sıra üstünlüklərindən yararlanacaqlar. Belə ki, mentorlar tədqiqat idarəçiliyini öyrənəcək, ARTİ-nin aidiyyəti üzrə əməkdaşları ilə fikir mübadiləsi aparacaq, həmçinin geniş tədqiqatçı şəbəkəsinə qoşulacaqlar. Mentilər isə daha çox tədqiqat işini və metodlarını öyrənəcək, təcrübəli tədqiqatçılarla tanış olacaq, eyni zamanda tədqiqatçı olmaq şansını qazanacaqlar.

R.Əzizov bildirib ki, proqram çərçivəsində həyata keçiriləcək bir sıra fəaliyyətlərin planlaşdırılmasında mentorların da təşəbbüslərinə və ideyalarına ehtiyac duyulur. O qeyd edib ki, ARTİ Tədqiqat Mentorluq Proqramında qoyulan suallar təhsil sistemimizdə araşdırılmasına ehtiyac olan mövzulardır. Ölkədə tədqiqata marağın artırılması, tədqiqat təfəkkürünün genişləndirilməsi tədricən innovasiyaların tətbiqinə gətirib çıxaracaq. Məhz bu səbəbdən layihənin missiyalarından biri də tədqiqat işinin vacibliyini təbliğ etməkdir.

Daha sonra ARTİ-nin Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən Könül Abaslı əlavə edib ki, proqram üçün seçilən mövzular əsasən təhsilin müxtəlif pillə və səviyyələrini əhatə edir. Bunlara ümumi, ali və peşə təhsili aiddir. İştirakçıların hər birinin təhsil göstəriciləri, tədqiqat təcrübəsi, maraq dairəsi və s. kimi faktorlar nəzərə alınaraq təhlil aparılıb və tədqiqat mövzuları seçilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib.

Qeyd edək ki, ARTİ ölkədə mövcud tədqiqat potensialının gücləndirilməsi və keyfiyyətli tədqiqatların sayının artırılması məqsədilə ARTİ Tədqiqat Mentorluq Proqramını icra edir.

Nəzərinizə çatdıraq ki, mentorluq üçün 379 və mentilik üçün 243 nəfər olmaqla ümumilikdə 622 nəfər namizədin müraciəti qeydə alınıb. Müraciət edən namizədlərdən proqramın müsahibə mərhələsinə 35 nəfər mentorluq və 63 nəfər mentilik üçün dəvət olunub. Müsahibələrin qiymətləndirilməsi zamanı proqramda iştirak üçün 21 nəfər mentor və 47 nəfər menti seçilib.