ARTİ Tədqiqat Mentorluq Proqramının mentorları
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan ARTİ Tədqiqat Mentorluq Proqramına seçilən mentorların bir qismi haqqında ətraflı məlumatı diqqətinizə çatdırırıq. Nəzərinizə çatdıraq ki, davamlı olaraq həyata keçirilməsi planlaşdırılan proqramda iştirak üçün 21 nəfər mentor seçilib. Proqramda iştirak edən mentorlar ümumi təhsil, peşə təhsili və ali təhsilin müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinə rəhbərlik edəcəklər.
Aqşin Əliyev
Filologiya üzrə fəlsəfə doktorudur. Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri, Çin Sosial Elmlər Akademiyasının dəvətli alimi, Çin Tərcümə və Tədqiqatlar Şəbəkəsinin aparıcı elmi məsləhətçisi, “Bir kəmər, bir yol” Gənc Çinşünaslar Alyansının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Çin üzrə koordinatorudur.
2000-ci ildə Azərbaycan Dillər Universitetinə daxil olub. 2001-ci ildə dövlət xətti ilə Çinin Şanxay Universitetinə Çin dilinin tədrisi və filologiyası ixtisası üzrə təhsil almağa gedib. 2008-ci ildə eyni universitetdə magistr dərəcəsi qazanıb. 2013-cü ildə Şərqi Çin Pedaqoji Universitetində “Müasir Çin dilində reduplikativ sifətlərin müvafiq problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2016-cı ildə Şanxay Pedaqoji Universitetində “Çincə-Azərbaycanca lüğət və onun nəzəri əsasları” adlı Post-Doktorantura elmi işini tamamlayıb. 2016-cı ildə Pekin Xarici Dillər Universitetinə (PXDU) dəvət alıb, burada ilk dəfə olaraq Azərbaycan dili kafedrasını yaradıb və Azərbaycan dilini üçüncü dil kimi tədris etməyə başlayıb. 2018-ci ildə PXDU-də ilk dəfə olaraq Azərbaycan dili ixtisasını təşkil edib. Qeyd edək ki, bu Azərbaycandan kənarda, dünyada əcnəbilər üçün nəzərdə tutulmuş ilk və yeganə dörd illik bakalavr proqramını əhatə edən Azərbaycan dili ixtisasıdır.
Aqşin Əliyev 5 kitabın, 20-dən çox elmi məqalənin müəllifidir. Çinin müxtəlif ali təhsil və elm ocaqlarında Azərbaycanla bağlı 50-dən çox elmi məruzə ilə çıxış edib, məqalələri Çinin nüfuzlu jurnallarında dərc edilib. Hazırda Azərbaycan dili, mədəniyyəti, təhsili və tarixi ilə bağlı 10-dan çox elmi layihəyə rəhbərlik edir. Bunların arasından “Azərbaycan mədəniyyəti və təhsili”, “Çin mədəniyyəti Azərbaycan dilində”, “Azərbaycan dili-ensiklopedik toplu” və müxtəlif təyinatlı lüğət kitablarını, “Azərbaycan dilinin əsasları” çoxcildli dərsliyini, Azərbaycan Dilinin Açıq Kütləvi Onlayn Tədrisi (MOOC) layihəsini, “21-ci əsr Azərbaycan ədəbiyyatı” layihəsini və digərlərini göstərmək olar. Elmi və ictimai fəaliyyətinə görə 20-ə yaxın mükafat alıb. Çin Elm və Texnologiya Nazirliyinin, Çin Qlobal İstedadlar Mübadiləsi Assosiasiyasının və “Beynəlxalq istedadlar” jurnalının birgə qiymətləndirməsi əsasında 2019-cu il üçün Çinin ən yaxşı əcnəbi müəllimi seçilib və mükafatlandırılıb. Aqşin Əliyev 2020-ci ildə Azərbaycan dilinin və mədəniyyətinin təbliğinə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.
Gülnar Cəfərova
2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasına daxil olub, bu müddət ərzində Mevlana Mübadilə Proqramına qoşularaq Türkiyə Respublikası, Kastamonu Universitetində təhsil alıb. 2015-ci ildə bakalavriat səviyyəsindəki təhsilini tamamlayıb. 2015-2017-ci illəri əhatə edən magistratura təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Menecment (Təhsilin təşkili və idarə olunması) ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2017-ci ildən etibarən Türkiyə Respublikası Necmettin Erbakan Universitetinin Təhsil menecmenti (Təhsilin idarə olunmasi) ixtisası üzrə doktorantura səviyyəsində təhsilini davam etdirir. Təhsildə liderlik, təhsil menecerlərinin ünsiyyət bacarıqları, məktəb iqlimi, müəllimlərin işə inteqrasiyası, peşəvi hörmətləri, öyrənən məktəb, təşkilati öyrənmə qarşısındakı əngəllər, tələbələrin həyat məmnuniyyəti, dəyər anlayışları, ünsiyyət bacarıqları, ictimai təşəbbüskarlıq, empati anlayışları, problemlərə yanaşma tərzləri və s. kimi mövzular maraq dairəsində olmaqla yanaşı, elmi-tədqiqat işləri içərisində də yer alır.
Firuz Süleymanov
2014/2018-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. 2018/2020-ci illərdə La Sapienza Universitetində Müqayisəli və Avropa Hüququ ixtisası üzrə magistr elmi dərəcəsinə yiyələnib. Həmin ildə “Riga Graduate School of Law”da Avropa Hüquq və İqtisadiyyatı ixtisası üzrə intensiv proqramı bitirib. 2021-ci ildə Şərqi Finlandiya Universitetində İnsan coğrafiyası üzrə kiçik elmi tədqiqatçı (doktorantura) vəzifəsinə-elmi dərəcəsinə qəbul olub. Bununla yanaşı, həmin ildə ADA Universitetinin və ABŞ səfirliyinin birgə təşkilatçılığı ilə tədqiqatçılar üçün keçirilən “Azərbaycanda tədqiqat potensialının formalaşdırılması və artırılması” intensiv proqramının iştirakçısıdır.
50-dən çox ölkədə 200-dən çox beynəlxalq tədbirdə iştirak edib, bir çox mükafatların sahibidir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatında Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisidir.
Leyla Sultanlı
Bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə, magistr təhsilini isə Türkiyə Respublikası Hacettepe Universitetində Dövlət strukturlarında menecment ixtisası üzrə alıb. İstanbul Universitetinin Menecment ixtisası üzrə doktorantıdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsində müəllim olaraq çalışır. “PSG IS” MMC ilə ekspertlik fəaliyyəti çərçivəsində əməkdaşlıq edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Turizm və Menecment Universitetinin dəstəyi ilə çap olunmuş “Menecmentin əsasları” dərs vəsaitinin həmmüəllifidir. Yerli və beynəlxalq jurnal və konfranslarda elmi məqalələləri dərc olunub.
Fuad Məmmədov
Bakı Mühəndislik Universitetində Bank işi üzrə menecment ixtisası üzrə bakalavr təhsili alıb. Magistratura təhsilini İqtisadiyyat ixtisası üzrə Amerika Birləşmiş Ştatlarında “Williams College”-də tamamlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ekonometrika ixtisası üzrə doktorantıdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankının Tədqiqatlar departamentində 7 il, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda 2 il çalışıb. Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Universitetində pedoqoji fəaliyyətlə məşğul olub. Hal-hazırda Səudiyyə Ərəbistanı Krallığının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin Qlobal iqtisadi modelləşdirmə departamentinin direktorudur. İqtisadi artım və enerji məsələləri ilə bağlı tədqiqatlar aparır.