22.06.2021

"İbtidai və orta məktəbdə onlayn təhsil: onlayn öyrənmə nəticələrini necə qiymətləndirməli?" mövzusunda TAIEX təlimləri start götürüb

21 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “İbtidai və orta məktəbdə onlayn təhsil: onlayn öyrənmə nəticələrini necə qiymətləndirməli?” mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri start götürüb.

Təlimlərin ilk günündə ARTİ-nin direktoru Rüfət Əzizov açılış nitqi ilə çıxış edib. O, təlimlərin təşkilinə görə təşkilatçılara və ekspertlərə təşəkkürünü bildirib. Covid-19 pandemiyası ilə əlaqədar bütün sektorların, o cümlədən təhsil sahəsinin fəaliyyətində yaranan çətinliklər və durğunluq barədə danışan R.Əzizov bütün dünyanın eyni situsiyada olmasına baxmayaraq yaranmış vəziyyətdən çıxış yollarının tapılması istiqamətində görülən işləri vurğulayıb. Tədris sistemində əyani təhsildən onlayn təhsilə keçid və təhsilin rəqəmsallaşdırılması üçün keçilən mərhələlərin təhlilinin vacibliyi qeyd edilib. Pandemiya şərtlərinin yüngülləşməsinə, hətta tamamilə aradan qaldırılmasına baxmayaraq distant təhsilin inkişafının davamlı proses olacağı gözlənilir. Bu istiqamətdə nəzərdə tutulan fəaliyyətlərin  müvəffəqiyyət əldə etməsi üçün bugünə qədər görülən işlərin analiz olunması mühüm əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edən ARTİ-nin direktor müavini Ülkər Babayeva pandemiya şəraitində distant təhsilin təşkili, müəllimlərin və şagirdlərin onlayn tədris prosesinə keçidi, qiymətləndirmə prosesində yaranan çətinliklər barədə ətraflı məlumat verib. O, ötən ilin mart ayından etibarən distant təhsilə keçidlə əlaqədar olaraq ənənəvi təhsil barədə düşüncələrin dəyişməsinin və yeni yanaşmaların tətbiqinin zəruri olduğunu bildirib. Mövcud şərtlər daxilində İKT infrastrukturları, təşkilati məsələlər üçün vaxt azlığı, internetə əlçatanlıq və s. kimi faktorları nəzərə alaraq onlayn tədrisin əyani təhsillə eyni səviyyədə təşkili məqsədilə həyata keçirilən fəaliyyətlər qeyd olunub. Ülkər Babayeva bildirib ki, təhsil sahəsi bütün çətinliklərə baxmayaraq qısa müddət ərzində mövcud vəziyyətlə ayaqlaşıb, Microsoft Teams platforması vasitəsilə distant təhsil təşkil olunub, müəllimlərə virtual platformalardan istifadə qaydaları öyrədilib. Yaranmış vəziyyətdən çıxış yollarından biri olaraq dərhal Virtual Məktəb platformasının yaradılması operativ fəaliyyətin göstəricilərindən biri olub. Eyni zamanda, fənlər üzrə əsas bilik və bacarıqlar nəzərə alınaraq onlayn şəkildə qiymətləndirmələr həyata keçirilib. Şagirdlərin qiymətləndirilməsi prosesi də Covid-19 pandemiyası səbəbilə fərqli formatda keçirilməyə başlayıb, onlayn qaydada yeni texnologiyalar tətbiq edilərək qiymətləndirmələr həyata keçirilib.

Təlimlərə ekspert qismində Estoniyanın Tartu Universitetinin Təhsil İnnovasiyaları Mərkəzinin tədqiqatçısı Maria Jürimae və Avstriyanın Təhsil, Elm və Tədqiqat Nazirliyinin e-təhsil Mərkəzinin direktoru Andreas Riepl qatılıb. “Sinifdaxili onlayn qiymətləndirmə (müəllimlər üçün): e-qiymətləndirmə strategiyaları və e-qiymətləndirmə alətləri” barədə çıxış edən ekspertlər Covid-19 pandemiyası zamanı tədris və qiymətləndirmə proseslərinin təşkilində Estoniya və Avstriyanın təcrübələrini bölüşüblər. Onlar onlayn təhsil zamanı ibtidai və orta təhsil səviyyəsi üzrə təhsilin keyfiyyətinin qiymətləndirilməsinə dair beynəlxalq təcrübədə istifadə olunan alətlərin tətbiqi haqqında ətraflı məlumat veriblər.

Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin, Təhsil İnstitutunun əməkdaşları, məktəb direktorları və məktəb müəllimləri olmaqla 20 nəfər iştirak edib. Təlimlər 23 iyun tarixinə qədər davam edəcək.