"Data elmi, analitika və yeni trendlər" adlı vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu 24 iyun 2021-ci il tarixində “Data elmi, analitika və yeni trendlər” adlı vebinar təşkil edib. Vebinar data elminin əhəmiyyəti və təhsil sahəsində nəzərə alınmalı məqamları diqqətə çatdırmaq məqsədilə keçirilib.
Tədbirin spikeri Ottava Universitetində Telfer Menecment Məktəbinin Menecment analitikası üzrə fəlsəfə doktoru Vüsal Babaşov olub. Vüsal Babaşov çıxışında data elmi, onun digər elmi sahələrlə əlaqəsi, metodlar/modellər, gündəlik biznes proseslərinin həll perspektivləri, keys araşdırmaları, təhsildə gələcəyə baxış/tövsiyələr kimi mövzulara toxunub.
Süni intellektin tarixi, keçdiyi inkişaf yolu və maşın öyrənmə elmi haqqında ətraflı məlumat verən spiker datanın həcmi, sürəti, müxtəlifliyi və qeyri-müəyyənliyi barədə danışıb. Yeni iş trendləri haqqında danışarkən beynəlxalq iş axtarma portallarının əhəmiyyəti vurğulanıb. Spiker data elminin kompüter mühəndisliyi, riyaziyyat/statistika, biznes sahəsinin ekspertizası, maşın öyrənmə, data analizi və proqramlaşdırmadan ibarət olduğunu bildirib.
V.Babaşov maşın öyrənmənin analitik model qurmağı avtomatlaşdıran bir data analizi metodu olduğunu qeyd edib. Bildirilib ki, analitikanın təsviri, proqnozlaşdırıcı və göstəriş əsaslı növləri formalaşıb. Analitikanın riyaziyyat, ehtimal nəzəriyyəsi, statistika, proqramlaşdırma, əməliyyatların tədqiqi, xətti və dinamik proqramlaşdırma sahələri ilə də əlaqəsi mövcuddur. Daha sonra maşın öyrənmənin modelləri, onun bizneslərə təsiri və real həyatda tətbiqi barədə məlumat verib. O bildirib ki, maşın öyrənmə aviasiya, səhiyyə, maşınqayırma, maliyyə xidmətləri, kompüter oyunları sənayesi, ali təhsil, sığorta, istehsalat, media, qeyri-hökumət təşkilatları, satış, idman, texnologiya, telekommunikasiya və s. kimi sahələrdə tətbiq olunur. Təhsil sahəsində gələcəyə dair tövsiyələri səsləndirən spiker ibtidai və orta təhsildə erkən dövrdən data elminin tədrisinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
150-dən çox təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı tədbirin sonunda spiker iştirakçıların suallarını cavablandırıb.