ARTİ Tədqiqat Mentorluq Proqramına seçilən mentorlar ilə görüş keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan ARTİ Tədqiqat Mentorluq Proqramına seçilən mentorlar ilə görüş keçirilib.
ARTİ-də təşkil olunan görüşdə İnstitutun direktoru Rüfət Əzizov, Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Könül Abaslı və Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova iştirak ediblər.
Görüşdə çıxış edən Rüfət Əzizov proqramın icra olunmasının əsas məqsədinin ölkədə tədqiqat potensialının gücləndirilməsi, tədqiqatçılara dəstək göstərilməsi, tədqiqatçı şəbəkəsinin yaradılması və tədqiqata yanaşmanın dəyişdirilməsi olduğunu vurğulayıb. O qeyd edib ki, proqramın iştirakçılarına təqdim olunan tədqiqat mövzuları birbaşa təhsil sahəsinə və təhsildə islahatlara yönəlik seçilib. Qeyd olunub ki, ARTİ-nin imkanlarından ictimaiyyətin faydalanması və bu imkanların hər kəs üçün əlçatan olması əsas hədəflərdən biridir. Tədqiqatlar yekunlaşdıqdan sonra ARTİ tərəfindən məqalələrin müxtəlif resurslarda çap olunmasına dəstək göstəriləcək.
Daha sonra çıxış edən Könül Abaslı mentorlara təqdim olunan tədqiqat mövzuları barədə məlumat verib. O, mövzuların tədqiqi zamanı araşdırma materiallarının, zəruri məlumatların və digər alətlərin ARTİ tərəfindən təmin olunacağını qeyd edib. Eyni zamanda, qeyd olunan tədqiqatların düzgün istiqamətləndirilməsi üçün mütəmadi olaraq Təhsil Nazirliyi və digər təhsil qurumlarının tövsiyələri də nəzərə alınacaq.
Sonda görüşdə iştirak edən mentorların tədqiqat mövzuları, proseslər, hesabatlar, məqalələr və digər məsələlər ilə bağlı sualları cavablandırılıb.
Nəzərinizə çatdıraq ki, davamlı olaraq həyata keçirilməsi planlaşdırılan proqramda iştirak üçün 21 nəfər mentor seçilib. Proqramda iştirak edən mentorlar ümumi təhsil, peşə təhsili və ali təhsilin müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinə rəhbərlik edəcəklər.