01.07.2021

ARTİ 90 illik yubileyini qeyd edir

Bu gün Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 90 illik yubileyini qeyd edir.

1931-ci il iyulun 1-də Azərbaycan Xalq Maarif Komissarlığının Elmi-Tədqiqat Pedaqoji Kabineti və Bakı Xalq Maarif Şöbəsinin laboratoriyası əsasında indiki ARTİ-nin bünövrəsi qoyulub. Kiçik bir şöbə və bir neçə qrup formasında fəaliyyətə başlayan İnstitut getdikcə genişlənib və fəaliyyət istiqamətlərini artırıb. Artıq 2000-ci ildə ARTİ elmi şöbələrdən ibarət olan və pedaqogikanın aktual məsələlərini öyrənən bir quruma çevrilib.

Hal-hazırda struktur şöbələr və 5 mərkəzdən ibarət olan ARTİ-nin fəaliyyəti təhsilin nəzəri və təcrübi məsələləri, o cümlədən, təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatların aparılması, təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlar üçün bərabər imkanların yaradılması məqsədilə tədqiqatların aparılması, elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı, müxtəlif təhsil pillələri üzrə təhsilin məzmun və qiymətləndirmə standartlarının, nümunəvi (variativ) kurikulumların və təhsilin keyfiyyət standartlarının hazırlanması kimi sahələri əhatə edir.

Eyni zamanda, ARTİ müxtəlif təhsil müəssisələrində təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi, istedadlı uşaqlarla işin düzgün qurulması və tədris resurslarından istifadə sahəsində metodik tövsiyələrin hazırlanması, elektron təhsilin inkişafı və elektron məzmunun hazırlanması, milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi, təhsilin normativ-hüquqi bazasına aid sənədlərin hazırlanması, elmi tədqiqatların aparılması, təhsil islahatlarına yönəlmiş layihələrin icra olunması kimi fəaliyyətləri həyata keçirir.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq ARTİ-nin 90 illik yubileyinə həsr olunmuş tədbirin sentyabr ayında keçirilməsi planlaşdırılır.

ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov İnstitutun 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Televiziyasının efirində yayımlanan “Tele Səhər” verilişinin qonağı olub.

https://www.youtube.com/watch?v=l4sJefUEY3I&t=4s