16.10.2017

"Məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması" layihəsi çərçivəsində növbəti təlim keçirilib

16 oktyabrda Ağsu rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş “Quzuçuyam, quzu məndə: məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Ağsu rayonunun məktəbliləri üçün təşkil olunmuş təlimin mövzusu məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması ilə bağlı olub. Qeyd edilib ki, qrup üzvləri etnofiloloji sorğu anketləri əsasında kəndin yaşlı sakinləri və ziyalılar, eləcə də hal-hazırda tərəkəmə həyat tərzi keçirən şəxslər arasında sorğu keçirərək onun əsasında təklif və tövsiyələr hazırlayacaqlar. Artıq kənd sakinləri tərəfindən həm təsadüfən aşkar olunmuş arxeoloji materiallar, həm də etnoqrafik əşyalar daxil olmaqdadır ki, məktəbdə həmin tarixi əşyaların saxlanması və sərgilənməsi üçün xüsusi bir otaq da ayrılmışdır. Ekspert Fariz Xəlilli Gəgəli kəndinin tarixindən, arxiv materiallarından, kənddə yerləşən Nərgizava antik və ilk orta əsr abidəsinin zənginliyindən bəhs edib, həmçinin, layihənin əhəmiyyəti, mərhələləri və keçirilmə şərtləri haqqında ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Layihənin məqsədi Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunu yaratmaq, məktəblilər, müəllimlər və valideynlərlə işləyərək məktəbdə təşkil olunmuş tarix otağına  kənd ərazisindəki Nərgizava nekropolundan təsadüfən aşkar olunmuş arxeoloji, eləcə də etnoqrafik materialları toplamaq, həmin materialları sənədləşdirmək və sərgiləmək, etnoqrafik sorğular keçirmək,  Gəgəli kəndinin folklorunu araşdırmaq, şagirdlər arasında folklorla bağlı məqalə, esse, rəsm və foto üzrə Respublika müsabiqəsini elan etmək, məktəblilərə qədim tariximizi və folklorumuzu sevdirməkdən ibarətdir. Məqsədlər sırasına, həmçinin, kənddə Tərəkəmə Çərşənbəsi folklor festivalının keçirilməsinə dəstək olmaq, məktəblilərin folklor oyun və tamaşalarını hazırlamaq, digər kənd, rayon və Bakı şəhərindəki aktiv məktəblilərin 16 dekabr Tərəkəmələrin yurd görüşündə iştirakına nail olmaq da daxildir.

Sabit Abdullayevin rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.