Professor Şahlar Əsgərovun və əməkdar müəllim Asif Cahangirovun yeni kitablarının təqdimat mərasimi keçirilib
7 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun “Düzgün qərarın hikməti” və əməkdar müəllim, təhsil eksperti Asif Cahangirovun “Təhsilimiz: dünəndən sabaha” adlı yeni işıq üzü görən kitablarının təqdimat mərasimi keçirilib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə baş tutan tədbirdə təhsil sahəsinin mühüm simaları iştirak ediblər. Tədbir iştirakçılarını və müəllifləri salamlayan Cəsarət Valehov açılış nitqi üçün sözü ARTİ-nin direktoru Rüfət Əzizova verib.
Belə mühüm bir tədbirin məhz ARTİ-də keçirilməsinin qürurverici olduğunu vurğulayan Rüfət Əzizov hər iki müəllif haqqında çıxış edib. R.Əzizov ölkəmizin görkəmli alimləri olan müəlliflərin Azərbaycanda elmi-pedaqoji fikrin formalaşmasında əvəzsiz dəsti-xətlərinin olmasını qeyd edib.
Daha sonra Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək hər iki kitabın xüsusi bir sintezinin olduğunu bildirib. F.Qurbanov çıxışında sözügedən kitablardakı əsas məqamların ARTİ tərəfindən təhlil edilməsini tövsiyə edib. O, professor Şahlar Əsgərovun kitabının üz qabığında qeyd olunan “Qarabağ Azərbaycandır!” yazısının Qarabağın işğaldan azad olunmasında düzgün qərarların verilməsini, müxtəlif elmi araşdırmaların və riyazi həll yollarının olmasını göstərdiyini qeyd edib. Həmçinin Şahlar Əsgərovun fizika sahəsində böyük alim olması, onun nadir araşdırmaları və onların patentləri, ion mühərrikləri, nüvə proqramları ilə bağlı tədqiqatları, araşdırmalarının nəticələrinin hətta NASA tərəfindən istifadə olunduğu bildirilib. F.Qurbanov əməkdar müəllim, təhsil eksperti Asif Cahangirov haqqında danışarkən onun bir elm adamı olaraq öz həyatını bəşəriyyət üçün vacib sahə olan təhsilə, elmə və pedaqogikaya həsr etdiyini qeyd edib. Onun həm 20-ci, həm də 21-ci əsrdə çalışaraq təhsil sistemini mükəmməl bilməsini, eyni zamanda müstəqil Azərbaycanın yeni dövründə təhsil islahatlarında iştirak etməsini, irəli sürdüyü səmərəli təklifləri vurğulayıb.
Tədbirdə çıxış edən professor Şahlar Əsgərov “Düzgün qərarın hikməti” kitabında ictimai həyatla və təhsillə bağlı mühüm məqalələrin toplandığını bildirib. Məqalələr sırasında səkkiz guşəli ulduz məsələsi, alimin əməyi, cəmiyyətdə alimin yeri kimi mövzular yer alıb. Son 20 ildə yazılan məqalələrin 2 kitab şəklində dərc olunduğunu qeyd edən Ş.Əsgərov digər kitabın da yaxın zamanlarda təqdimatının keçiriləcəyini deyib.
Əməkdar müəllim Asif Cahangirov da çıxışında tədbirin təşkilinə görə Təhsil Nazirliyinə və ARTİ-yə təşəkkürünü bildirib. Vətən müharibəsində əldə olunan qələbədən sonra bir Qarabağlı kimi böyük xoşbəxtlik hissi keçirdiyini vurğulayan Asif Cahangirov yeni yazdığı “Təhsilimiz: dünəndən sabaha” adlı kitabda təhsil problemləri və islahatlar mövzusuna toxunduğunu deyib. O bildirib ki, kitabın yazılmasında əsas məqsəd son 20-30 ildə dünya təhsilində baş verən proseslərin ümumiləşdirilərək ictimaiyyətə çatdırılması olub.
Təqdimat mərasimində ARTİ-nin direktor müavini Ənvər Abbasov, Təhsil nazirinin müşaviri Elnur Nəsibov, millət vəkili Etibar Əliyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Təhsil İdarəçiləri Assosiasiyasının həmtəsisçisi Qoşqar Məhərrəmov, ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri Elxan Bəylərov, professor Fərrux Rüstəmov, professor Hikmət Əlizadə, professor Əsədulla Qurbanov, Bakı Dövlət Universitetinin dekanı Ələmdar Cabbarlı çıxış edərək hər iki kitabın müasir Azərbaycan təhsilinin inkişafına və islahatların sürətlənməsinə verəcəyi töhfələri qeyd ediblər.