15.07.2021

"Lütfi Zadə: təfəkkürdə, məntiqdə, elmdə inqilab" mövzusunda vebinar keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilən vebinarlar silsiləsini davam etdirir. Növbəti vebinar 14 iyul 2021-ci il tarixində “Lütfi Zadə: təfəkkürdə, məntiqdə, elmdə inqilab” mövzusunda keçirilib.

Vebinarda spiker qismində ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru, dosent Elxan Bəylərov çıxış edib.

E. Bəylərov çıxışında Lütfi Zadənin qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsi haqqında ətraflı məlumat verib. Qeyri-səlis məntiq nəzəriyyəsinin əsas mahiyyəti, mənsubiyyət funksiyası və digər mövzular barədə çıxış edən spiker qeyri-səlis məntiq nəzəriyyəsinin hüquq məcəlləsi, tibbi diaqnoz, təhsil, mühəndislik, qərarların qəbulu, psixologiya və digər sahələrdə tətbiqindən bəhs edib.

Bundan əlavə, Lütfi Zadə irsinin varisi, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyev haqqında danışarkən onun müəllifi və həmmüəllifi olduğu kitabların ABŞ, Çin, Hindistan, Almaniya, Türkiyə, Bolqarıstan, Özbəkistan və s. kimi ölkələrdə 150-dən çox universitetdə dərslik və ya dərs vəsaiti  kimi silabuslara daxil olunduğu vurğulanıb. 

Vebinarda iştirak edən Rafiq Əliyev Lütfi Zadənin yaradıcılığı və həyatı haqqında çıxış edib. O, bildirib ki, Lütfi Zadənin yaradıcılığı süni intellekt, informasiya texnologiyaları və s. sahələrə mühüm töhfələr verib.

Vebinarda 150-ə yaxın ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçı, doktorant və dissertant, magistr, məktəb rəhbəri və digər pedaqoji sahələrdə çalışan şəxs iştirak edib.