22.07.2021

ARTİ Tədqiqat Mentorluq Proqramının mentorları

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan ARTİ Tədqiqat Mentorluq Proqramına seçilən mentorların daha bir qismi haqqında ətraflı məlumatı diqqətinizə çatdırırıq. Nəzərinizə çatdıraq ki, davamlı olaraq həyata keçirilməsi planlaşdırılan proqramda iştirak üçün 21 nəfər mentor seçilib. Proqramda iştirak edən mentorlar ümumi təhsil, peşə təhsili və ali təhsilin müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinə rəhbərlik edəcəklər.

Ülkər Əsgərova

Bakalavr təhsilini Azərbaycan Dillər Universitetinin Roman-German filologiyası fakültəsində, magistratura təhsilini isə İngilis-Amerikan ədəbiyyatı fakültəsində alıb. Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının dissertantıdır. “Müasir ingilis ədəbiyyatında mif” adlı tədqiqat işi üzərində çalışır.

2016-2017-ci illərdə Çexiya Respublikasının Masaryk Universitetində 1 illik PhD tələbə mübadilə proqramı çərçivəsində təhsil alıb. 2021-ci ildə Şimali Korolina Universitetinin 1 semestrlik İngilis dili tədrisi proqramını fərqlənmə ilə bitirib. 2008-ci ildən bu günə kimi bir neçə ali məktəbdə müəllim vəzifəsində çalışıb. Hal-hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasında müəllim olaraq fəaliyyət göstərir. 

ADA Universiteti və Amerikanın Azərbaycandakı Səfirliyinin BERCA (Building and Enhancing Research Capasity in Azerbaijan) layihəsinin son mərhələsində iştirak edir. Bir çox beynəlxalq konfranslarda məqalələrlə çıxış edib. Xarici ölkələrdə keçirilən bir sıra yay məktəbləri, konfranslar və digər layihələrin iştirakçısıdır.

Abdulxaliq Məmmədli

Bakalavr təhsilini Türkiyənin İstanbul Universitetində "İngilis dili müəllimliyi" ixtisası, magistratura təhsilini isə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə tamamlayıb. Azərbaycan Respubilkasının Təhsil İnstitutunda "Təhsilin təşkili və planlaşdırılması" ixtisası üzrə doktorantura təhsili alır.

Hal-hazırda Azərbaycan Dillər Universiteti və Xəzər Universitetində müxtəlif fənləri tədris edir. 

Arzu Nəsirli

Bakalavr təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində İbtidai sinif müəllimliyi ixtisası, magistr təhsilini isə Bakı Slavyan Universitetində Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə alıb. Təhsilini fərqlənmə diplomu ilə bitirib. 2018-ci ildən Bakı Slavyan Universitetinin doktorantıdır.

“Sinifdənxaric və məktəbdənkənar iş yuxarı sinif şagirdlərinin sosiallaşması vasitəsi kimi” adlı dissertasiya işi üzrə tədqiqatı davam etdirir. Tədqiqatla bağlı 20 tezis və məqalə çap edilib.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında saat hesabı əsaslarla müəllim kimi fəaliyyət göstərib. 2018-ci ildən Abşeron rayonu Saray qəsəbəsi M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir. “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin təlimçisidir.

Microsoft Education portalının online kurslarının aktiv iştirakçısı, MIE Trainer, MIE Master Trainer proqramlarını uğurlar bitirib və MIE Expert proqramı üzrə namizəddir. “Virtual Məktəb“ vasitəsilə dərslərdə interaktiv texnologiyalardan istifadəyə dair video izahlar ilə www.virtual.edu.az saytında “Müəllim bloqları“ bölməsinin iştirakçısıdır.

Ülvi İsmayılov

Bakalavr təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində Coğrafiya müəllimliyi ixtisası, magistr təhsilini isə Türkiyənin Necmettin Erbakan Universitetində Təhsilin idarə edilməsi ixtisası üzrə alıb.

Türkiyənin Azərbaycandakı Səfirliyinin din işləri üzrə müşavirliyində köməkçi vəzifəsində çalışıb. Hal-hazırda ARTİ-nin Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzində mütəxəssis olaraq fəaliyyət göstərir.

Müəllifi olduğu məqalələrə "Duyğusal zəka xüsusiyyətləri ölçmə vasitəsinin qısa forması: etibarlılıq və doğruluq çalışması”, “Məktəblərdə təşkilati güvən ölçmə vasitəsinin doğruluğu və etibarlılığının təhlili”, “Universite öğrencilerinin duygusal zekalarının farklı değişkenler açısından incelenmesi”, “Məktəb direktorlarının yaradıcı liderlik özəlliklərini ölçmə vasitəsinin doğruluğu və etibarlılığının təhlili” aiddir.

Gülşən Əlizadə

Bakalavr təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix ixtisası, magistratura təhsilini isə Türkiyə Cümhuriyyəti Akdeniz Universitetində Təhsilin idarəedilməsi, nəzarəti, iqtisadiyyatı və planlaşdırılması ixtisası üzrə alıb.

Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə tarix müəllimi, Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli məktəbdə direktor müavini və tarix müəllimi vəzifələrində çalışıb.

Elmi məqalələrinə “Azerbaycan’da “Potansiyel Okul Direktörleri Eğitim Programı”nı tamamlayan okul yöneticilerinin yeterlilikleri”, “Bakü’de Okul-Aile İş Birliği Süreci: Azerbaycan’da Bir Durum Çalışması”, “Azerbaycanlı Öğretmenlerin Motivasyonuna Amaç Belirlemenin Etkisi”, “Azerbaycanlı Öğretmenlerin İş Motivasyonu” daxildir.