ARTİ "Sabah Magistratura" proqramı çərçivəsində qrant müsabiqəsinin qalibi oldu
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) “Logistika və nəqliyyat” ixtisaslaşmasının təşkili ilə bağlı keçirilən qrant müsabiqəsinin qalibi olub.
Proqram çərçivəsində “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə tədrisin məqsədi təchizat zənciri, logistika və nəqliyyat sahəsində dünyada və ölkədə dinamik əmək bazarının yaratdığı yeni tələblərə uyğun mütəxəssislərin hazırlanması, nəqliyyat və logistika sahəsində müasir təcrübələrin mənimsənilməsidir. Tədris proqramının hədəfi ölkənin inkişaf perspektivləri və imkanları nəzərə alınmaqla, bu sahədə yüksək ixtisaslı kadr təminatının həyata keçirilməsi, dayanıqlığının təmin olunması, tədris-metodik və maddi-texniki bazasının müasirləşdirilməsidir.
ARTİ tərəfindən layihə çərçivəsində tədrisin yüksək səviyyədə təmin edilməsi məqsədilə təchizat zənciri, logistika və nəqliyyat sahəsində ixtisaslaşmış yerli və xarici müəllimlərin cəlb olunması, logistika və nəqliyyat ixtisaslaşması üzrə yeni məzmunun hazırlanması, tədris metodik vəsaitlərin (sillabusların, dərsliklərin, dərs vəsaitlərinin, metodik vəsaitlərin və göstərişlərin) hazırlanması, təlim komponenti – yerli müəllimlərin logistika və təchizat zənciri sahəsində yerli və xarici təlimlərdə iştirakının təşkili kimi fəaliyyətlər həyata keçiriləcək. Bundan əlavə, tədrislə bağlı maddi-texniki bazanın formalaşdırılması, logistika və təchizat zənciri sahəsində tədris yönümlü proqram təminatının təchiz edilməsi, tələbələr üçün dərsliklərin və tədris materiallarının nəşri, fakültativ intensiv ingilis dili tədrisinin təşkili də nəzərdə tutulub.
“SABAH Magistratura” proqramı çərçivəsində ARTİ tərəfindən hazırlanacaq qrant vəsaitlərindən istifadə olunmaqla tədris proqramının sonunda logistika və nəqliyyat sahəsinin idarəedilməsi, təhlili, risklərin qiymətləndirilməsi, sahəyə uyğun informasiya texnologiyalarının tətbiqi kimi bilik və bacarıqlara malik kadrlar hazırlanacaq.
Layihə komandasına müvafiq sahə üzrə xaricdə təhsil almış və hazırda dünyanın aparıcı şirkətlərində çalışan azərbaycanlı gənc mütəxəssislər də cəlb olunub.
Qeyd edək ki, qrant layihəsinin icra müddəti 1 ildir.