27.07.2021

ARTİ Tədqiqat Mentorluq Proqramının mentorları

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan ARTİ Tədqiqat Mentorluq Proqramına seçilən mentorların daha bir qismi haqqında ətraflı məlumatı diqqətinizə çatdırırıq. Nəzərinizə çatdıraq ki, davamlı olaraq həyata keçirilməsi planlaşdırılan proqramda iştirak üçün 21 nəfər mentor seçilib. Proqramda iştirak edən mentorlar ümumi təhsil, peşə təhsili və ali təhsilin müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinə rəhbərlik edəcəklər.

Ceyhun Cabbarov

Bakalavr təhsilini Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) Fizika müəllimliyi ixtisası, magistratura və doktorantura təhsilini isə həmin universitetin Təbiət fənləri və Riyaziyyatın tədrisi metodikası üzrə alıb.

Türkiyə və Azərbaycanda bir sıra özəl məktəblərdə, həmçinin Azərbaycanın ADA, UFAZ kimi qabaqcıl universitetlərində müəllimlik edib. Hal-hazırda Özbəkistanın British School Of Tashkent beynəlxalq məktəbində departament rəhbəri və fizika müəllimi kimi çalışır. Həmçinin, 4-14 yaşlı uşaqlara interaktiv mühəndislik və robotikanın tədris edildiyi “Engineering For Kids – Baku” şirkətinin həmtəsisçi direktorudur. 

Mənsuma Əliyeva

Bakalavr təhsilini Bakı Dövlət Universitetində, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində alıb. 2014-ci ildən Azərbaycan Turizm və Menecment Universitetinin doktorantıdır.   

Ölkədə və xarici jurnallarda, həmçinin konfranslarda dərc olunan 10 məqalənin müəllifidir.

2013-ci ildən Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin müəllimidir.

Heydər Abışov

Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetinin Heyətin idarə olunması ixtisası üzrə alıb. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Sahə iqtisadiyyatı ixtisası üzrə doktorantura pilləsini bitirib. Fəlsəfə doktorluğu proqramı üzrə dissertasiya mövzusu “Azərbaycan Respublikasında xidmət ixracının təkmilləşdirilməsi istiqamətlərinin stimullaşdırılması”dır. Dissertasiya işini uğurla bitirib, müdafiə mərhələsindədir.

2019-cu ildən etibarən müxtəlif təhsil müəssisələrində, o cümlədən Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Avrasiya Universiteti və digərlərində pedaqoji fəaliyyətlə məşğul olub.

2012-ci ildən etibarən müxtəlif istiqamətlərdə tədqiqatlar aparmağa başlayıb, müxtəlif konfranslarda iştirak edib. 6-sı xarici olmaqla, 11 məqalənin, 6 tezisin müəllifidir.

Ülkər Sadıqova 

Bakalavr təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsində, magistratura təhsilini isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Ekspert-Menecer ixtisası üzrə alıb.

2012-ci ildə Azərbaycan Turizm və Menecment Universitetinin “İqtisadi fəaliyyət növləri” istiqaməti üzrə  doktoranturasına qəbul olub və 2017-ci ildə ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda “Azərbaycanda mədəniyyət iqtisadiyyatının inkişaf problemləri və davamlı inkişaf modelinin formalaşdırılması” mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.

2010-ci ildən Azərbaycan Tuzim və Menecment universitetinin Menecment kafedrasında müəllim kimi çalışmağa başlayıb. 2019-cu ildən Menecment kafedrasının baş müəllimidir.  Menecmentin əsasları, Muzey menecmenti, Menecment nəzəriyyələri, Mədəniyyətlərarası menecment fənlərini Azərbaycan və rus dillərində tədris edir. “G&I consulting group”da, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Davamlı təhsil və təlim şöbəsi”ndə təlimçi kimi fəaliyyət göstərir.

Bir sıra yerli və xarici konfranslarda iştirak edib. Elmi-pedoqoji fəaliyyətlə məşğul olduğu dövrdən  respublika və xaricdə nəşr edilən 20 elmi əsərin müəllifidir.

Lətif Zeynallı

Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası, magistratura təhsilini isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə alıb. 2017-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı olmaqla, “Azərbaycan Respublikasında sənayedə insan kapitalının inkişafının stimullaşdırılması mexanizmlərinin təkmillləşdirilməsi” dissertasiya mövzusu ilə bağlı tədqiqat aparır.

Əmək fəaliyyətinə 2013-cü ildə Xalq Sığorta ASC-də başlayıb, hal-hazırda şirkətin Satış və marketinq şöbəsinin böyük mütəxəssisi vəzifəsində işləyir. 2019-cu ildən bir sıra özəl və dövlət ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir. 

Yerli və beynəlxalq elmi jurnallarda, konfranslarda  elmi məqalələri nəşr olunub.

Leyla Cabbarzadə

Bakalavr təhsilini Azərbaycan Dillər Universitetində Tərcümə ixtisası, magistratura təhsilini isə Böyük Britaniyanın Şeffild Universitetində Təhsil ixtisası üzrə alıb. Azərbaycanda və ölkə xaricində təhsil üzrə keçirilən konfranslarda akademik məqalələrini təqdim edib və müəllifi olduğu iki məqalə “Azərbaycan məktəbi” jurnalında nəşr olunub.

Hal-hazırda media sahəsində çalışır və eyni zamanda, gənclər sahəsində də fəaliyyət göstərərək yerli və beynəlxalq layihələrin icrasında iştirak edir.