Bakı məktəbində ARXEOMƏKTƏB klubu yaradılır
20 oktyabrda Bakı şəhərində “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “ARXEOMƏKTƏB: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığının artırılması” layihəsi çərçivəsində iştirakçılarla ekspertin birgə görüşü keçirilib.
Bakı şəhəri, Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləri üçün təşkil olunmuş təqdimatın mövzusu ARXEOMƏKTƏB Klubunun yaradılması və Arxeofotoqrafiya kursunun təşkili ilə bağlı olub. İştirakçılara layihə şərtlərini özündə əks etdirən təlimat materialları paylanılıb. Layihənin eksperti Dr. Fariz Xəlilli 3 ay müddətinə Bakı şəhəri, Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təhsil alan şagirdlər arasında reallaşdırılacaq layihənin əhəmiyyəti, mərhələləri və keçirilmə şərtləri haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Layihənin məqsədi S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının nəzdində ARXEOMƏKTƏB klubunu yaratmaq, məktəblilər, müəllimlər və valideynlərlə işləyərək Tarix kabinetinə təsadüfən aşkar olunmuş arxeoloji materialları toplamaq, arxeoloqlarla görüşlər keçirmək, məktəblilərə qədim tariximizi öyrənən arxeologiyanı sevdirmək, məktəbliləri Bakıya yaxın rayonlarda təşkil olunacaq düşərgələrə cəlb etməkdir. Məqsədlər sırasına, həmçinin, Milli Azərbaycan Tarixi Muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun sərgi-ekspozisiya şöbəsi, Şamaxı Tarix Diyarşünaslıq Muzeyi və Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində məktəbli arxeoloqların seminar və düşərgələrinin təşkili də daxildir. Layihənin son mərhələsində isə ARXEOMƏKTƏB klubunun məktəbli arxeoloqlarının digər məktəblərdə görüşü nəzərdə tutulur.
Anar Əliməmmədovun rəhbərliyi ilə fərdi kateqoriya üzrə qalib olmuş layihənin icra müddəti 3 aydır və S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təhsil alan bir qrup məktəblilər arasında reallaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.