ARTİ-nin "Kibertəhlükəsizlik" təlim layihəsinin iştirakçısı "WorldSkills Asia 2021"də 4-cü yeri tutub
“WorldSkills Asia 2021” bacarıq yarışlarında Azərbaycanlı iştirakçı Hüseyn Qəmbərov ümumi reytinqdə 707 bal ilə 4-cü yeri tutub. O, kibertəhlükəsizlik sahəsi üzrə yarışlara qatılıb.
Yarışma 3 fərqli moduldan ibarət olmaqla 3 gün ərzində davam edib. Birinci modulda “Data Leak Prevention systemi (DLP)”ni konfiqurasiya etmək, ikinci modulda DLP siyasətlərini yazıb tətbiq etmək, üçüncü modulda isə VPN proqramı ilə kompüter şəbəkəsi yaradıb onu konfiqurasiya etmək tələb olunub.
Nəzərinizə çatdıraq ki, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə 4-cü kurs tələbəsi olan Hüseyn Qəmbərov ARTİ tərəfindən həyata keçirilən “Kibertəhlükəsizliyə giriş” adlı təlim layihəsinin birinci qrup məzunudur.
Qeyd edək ki, “WorldSkills Asia 2021” yarışları ümumilikdə 26 ölkədən olan 122 iştirakçı arasında 13 ixtisas üzrə keçirilib.