18.08.2021

"Təhsil sisteminin idarə olunmasının aktual məsələləri" mövzusunda vebinar keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 90 illik yubileyi ilə əlaqədar olaraq 2021-ci ilin aprel ayından etibarən “Təhsil İnstitutu - 90” adlı vebinarlar silsiləsinə start verib. Vebinarlar silsiləsinin növbəti tədbiri 17 avqust tarixində “Təhsil sisteminin idarə olunmasının aktual məsələləri” mövzusunda keçirilib. Tədbirin moderatoru ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin baş mütəxəssisi Humay Cəbiyeva olub.
Vebinarda spiker qismində ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim Piralı Əliyev çıxış edib.
Piralı Əliyev çıxışında təhsilin iqtisadiyyatı, idarə olunması və idarə edilmədə nəzəri və təcrübi məsələlərdən, resursların idarə olunmasından, pedaqoji təcrübədə nəticəyönümlülük və təlim nəticələrindən, təhsil prosesinin reytinq sisteminin idarəolunmasından və bu reytinqin hesablanma metodikası haqqında geniş məlumat verib. Pedaqoji idarəetmədə davamlı inkişafdan danışan Piralı Əliyev həmçinin pandemiya dövründə təhsilin idarə olunması və şagird ehtiyacları məsələlərinə də toxunaraq öz fikirlərini bildirib.
Vebinarda ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edib. O, çıxışında hal-hazırda təhsilimizdə gedən dəyişikliklər və ümumi məzmun islahatlarından danışıb. Tədqiqatların aparılması, milli və beynəlxalq qiymətləndirmə, ehtiyat dərsliklər, ixtisasartırma, metodik dəstək xidmətinin təşkili haqqında məlumat verən Rüfət Əzizov universitetlərlə əməkdaşlığın gələcək müəllimlər üçün nə dərəcədə mühüm olduğunu da vurğulayıb. O, ARTİ-nin işinin əsasını təşkil edən 3 istiqamətdən danışıb. Azərbaycan dilinin tədrisinə yenidən baxılmasının, xarici dil təhsilinin yenilənməsinin və innovativ məzmunun hazırlanmasının bu istiqamətlərin əsasını təşkil edən əsas məsələlərdən olduğunu qeyd edib.

Tədbirin sonunda Piralı Əliyev vebinar iştirakçılarının suallarını cavablandırıb. 

Tədbirdə 100-ə yaxın ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edib.