"Məktəblərarası əlaqə" layihəsi çərçivəsində intellektual yarışlara start verilib
Oktyabrın 25-də Saatlı rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriyalar üzrə qalibi olmuş "Məktəblərarası əlaqə" layihəsi çərçivəsində intellektual yarışlara start verilib.
Layihə üzrə intellektual yarışmada əvvəlcədən 6 məktəbin iştirakı nəzərdə tutulsa da Saatlı şəhər S.Vurğun adına 1 saylı şəhər məktəbinin iştirak etmə təşəbbüsü müsbət qarşılanıb və bununla da Saatlı rayonu Gənclər mərkəzində 7 tam orta ümumtəhsil məktəbin iştirakı ilə intellektual yarış baş tutub. Yarışda iştirak edən digər məktəblər isə Saatlı rayonunun 3 saylı, 4 saylı şəhər tam orta məktəbləri, Gomuşçu, Varxankənd, Qaracalar və Dədə Qorqud kənd tam orta məktəbləri olub.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Kamran Nəsirov intellektual yarış barədə məlumat verərərək onun əhəmiyyətindən və hansı mərhələlərdən ibarət olacağı barədə məlumat verib. Şagirdləri məktəblərarası əlaqə çərçivəsində fəal olmağa dəvət etdi.
Ümumilikdə 40 şagirdin iştirak etdiyi yarışda verilən suallar Təhsil Nazirliyinin dövlət ümümtəhsil proqramları çərçivəsində hazırlanaraq şagirdlərə təqdim olunub.
İntellektual yarışın nəticəsində ilk 4 yeri tutan 4 komanda: S.Vurğun adına şəhər 1 saylı tam orta məktəb, Qaracalar məktəbi, Dədə Qorqud məktəbi və Gomuşçu məktəbi növbəti mərhələyə vasiqə qazanıb.
Sonda yarış barədə təəsuratlarını bölüşən məktəblilər qeyd ediblər ki, bu yarış onların yeni biliklərə yiyələnərək öz bilik və tacrübələrini artırmaları istiqamətində mühüm rol oynayıb.
Layihənin əsas məqsədi Saatlı rayonunda fəliyyət göstərən məktəblər arasında əməkdaşlığı və valideynlərlə məktəblər arasında əlaqələri inkişaf etdirmək, multukultural tədbirlər keçirmək, şagirdlərin buraxılış imtahanlarına hazırlanmasını təmin etməkdən ibarətdir.
Layihə rəhbəri Kamran Nəsirov BDU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, AzTV-də yayımlanan "Mən azərbaycanlıyam" milli intellektual oyununun 5-ci mövsümünün qalibi olub.
8 ildir müəllim işləyən Kamran Nəsirov Təhsil Nazirliyinin "Məktəblinin dostu" və "Təhsil menecerlərinin peşəkarlıq inkişafı" layihələrinin iştirakçısı olaraq fəal müəllim kimi təhsil meneceri seçilib.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.