ARTİ "Təbiət fənlərinin inteqrativ tədrisi" adlı vebinar təşkil edib
Vebinarın spikerləri təbiət fənləri üzrə mütəxəssislər Rəşad Səlimov və Yalçın İslamzadə, tədbirin moderatoru isə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov olub.
Açılış nitqi ilə çıxış edən Mənsur Məhərrəmov görüşdə Sinqapurun təhsil şirkətləri ilə həm riyaziyyat, həm də təbiət fənləri üzrə proqram və dərsliklərin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın davam etdiyindən və kurikulumların, dərslik komplektlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Mənsur Məhərrəmov onu da qeyd edib ki, bacarıq əsaslı təhsil yolunda görülən işlər Dövlət Strategiyasına uyğun olaraq icra olunur. O, bildirib ki, təbiət fənninin kurikulumları, təlim nəticələri hazırlanıb, bunlara əsasən dərslik komplektlərinin hazırlanması prosesi artıq sona çatmaq üzrədir.
Spikerlərdən Yalçın İslamzadə təbiət fənlərinin qısa tarixi, mövcud olan beynəlxalq təcrübəyə və necə tədris olunduğu haqqında, həmçinin təbiət fənlərinin erkən yaşlardan etibarən inteqrativ tədrisinin üstünlüklərindən danışıb.
Rəşad Səlimov isə çıxışında son illərdə Sinqapurlu şagirdlərin TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nəticələr göstərməsini nəzərə alaraq Azərbaycanda da bəhs edilən istiqamətlərdə uğurlu nəticələrin əldə edilməsi üçün Sinqapurun təhsil şirkətləri ilə birgə effektiv əməkdaşlığın davam etdiyini və bu əməkdaşlığın effektiv tərəflərinin olduğunu qeyd edib.
Qeyd edək ki, dərsliklər 2021-2022-ci tədris ilində seçilmiş 100-dən artıq pilot məktəblərdə tədris olunacaq.
Canlı yayımı izləyə bilməyənlər üçün vebinarın videosu ARTİ-nin "Facebook" səhifəsində təqdim olunub.
Link: https://bit.ly/3BjxXli