İnklüziya mədəniyyətinin formalaşdırılması məqsədilə məktəblərin pedaqoji heyəti ilə görüşlər keçirilib
ARTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində keçirilən tədbirləri davam etdirir.
Layihə çərçivəsində növbəti görüşlər seçilmiş məktəblərin pedaqoji heyətləri ilə “İnklüziya mədəniyyətinin formalaşdırılması” mövzusunda keçirilib. 4 akademik saat davam etmiş görüşlərdə 296 nəfər iştirak edib. Görüş zamanı inklüzivlik, inklüziv təhsilin mahiyyəti, onun əhəmiyyəti və hüquqi bazası, o cümlədən əlilliyin tibbi və sosial modeli, əlilliklə bağlı düzgün terminologiya haqqında məlumat verilib, həmçinin inklüziv təhsil ilə bağlı məktəb heyətinin rolu müzakirə edilib.
Növbəti mərhələdə “İnklüziya mədəniyyətinin formalaşdırılması” məqsədilə şagirdlər və onların valideynləri ilə görüşlərin də keçirilməsi nəzərdə tutulub.