13.09.2021

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri Maykl Fullandır

1 oktyabr 2021-ci il tarixində keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri Maykl Fullanı təqdim edirik.

Maykl Fullan Toronto Universitetinin fəxri professoru, "Dərin öyrənmə" nəzəriyyəsinin yaradıcısı, beynəlxalq səviyyədə tanınan yazıçı və təhsil tədqiqatçısıdır. O, təhsildə islahat və liderlik üzrə ən tanınmış mütəxəssislərdən biri hesab edilir. 40-dan çox liderlik və dərin öyrənmə üzrə kitabların müəllifidir. Professorun kitabları bir çox dildə çap olunub və qlobal mükafatlar qazanıb. Hal-hazırda “Dərin öyrənmə üçün yeni pedaqogika” Beynəlxalq Təşəbbüsünün Qlobal Liderlik üzrə direktorudur. Cənab Fullan həmçinin, Toronto Universiteti Ontario Təhsil Araşdırmaları İnstitutunun keçmiş dekanıdır. 2003-2014-cü illərdə Ontarionun baş nazirinin təhsil məsələləri üzrə baş məsləhətçisi olub.

Xatırladaq ki, forumda iştirak ödənişsizdir. Çıxışlar Azərbaycan dilinə tərcümə olunacaq. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://payment.tnetwork.az/

Forumda iştirak üçün qeydiyyat 20 sentyabra qədər davam edəcək.

Qeyd edək ki, beynəlxalq forum ARTİ və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə onlayn təşkil edilir.

“Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.