15.09.2021

"Tədqiqata giriş və dizaynlar" mövzusunda təlim keçirilib

14 sentyabr-21 oktyabr tarixlərində “ARTİ Tədqiqat Mentorluq Proqramı” çərçivəsində 12 fərqli mövzunu əhatə edəcək silsilə təlimlər start götürüb. Təlimlərin keçirilməsində əsas məqsəd mentilərin tədqiqat bacarıqlarının və proqramın effektivliyinin artırılmasıdır.

İlk təlim 14 sentyabr tarixində təlimçi İnqilab Şahbazov tərəfindən "Tədqiqata giriş və dizaynlar" mövzusunda keçirilib. İnqilab Şahbazov Böyük Britaniyanın Şeffild Universitetində sosiologiya üzrə bakalavr, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində isə ədliyyə sistemi üzrə magistratura təhsili alıb. Sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu “Market Research Society Advanced Certificate in Market and Social Research Practice” sertifikatına sahib olan İnqilab Şahbazov “Sosioloji nəzəriyyələr” və "Tədqiqat metodları" kitablarının müəllifidir. Onun impakt faktorlu jurnallarda 8 məqaləsi nəşrə qəbul edilib və ya nəşr edilib.

Təlimdə tədqiqat metodları haqqında geniş məlumat verilib. Tədqiqat metodları haqqında danışarkən fundamental nəzəri məsələlər, cəmiyyətin (analizin) səviyyələri, nəzəriyyə ilə tədqiqat arasındakı əlaqə, induksiya və deduksiya, subyektivlik və obyektivlik, tədqiqatın toplanan məlumatlara görə təsnifi, tədqiqat üçün məlumat mənbələri kimi mühüm əhəmiyyətli məqamlara toxunulub. Bundan əlavə, tədqiqata dair praktik məsələlər barədə çıxış edən təlimçi tədqiqatın mərhələləri, tədqiqat mövzusunun müəyyənləşdirilməsi, tədqiqat dizaynı, metodoloji məsələlər, tədqiqatın məqsədləri və sualları haqqında təlim iştirakçılarını məlumatlandırıb.

Təlimin sonunda iştirakçıların mövzuya dair sualları cavablandırılıb.

Qeyd edək ki, 21 oktyabr tarixinə qədər davam edəcək təlimlər tədqiqat etikası, kəmiyyət tədqiqatlarına giriş, sorğunun hazırlanması və keçirilməsi, keyfiyyət tədqiqatlarına giriş, keyfiyyət metodları, keyfiyyət tədqiqatlarının analizi və vizuallaşdırılması, kəmiyyət tədqiqatlarının analizi və vizuallaşdırılması, akademik yazı, akademik nəşr olunma kimi mövzuları əhatə edəcək.

Xatırladaq ki, ARTİ ölkədə mövcud tədqiqat potensialının gücləndirilməsi və keyfiyyətli tədqiqatların sayının artırılması məqsədilə “ARTİ Tədqiqat Mentorluq Proqramı”nı icra edir.

Nəzərinizə çatdıraq ki, mentorluq üçün 379 və mentilik üçün 243 nəfər olmaqla ümumilikdə 622 nəfər namizədin müraciəti qeydə alınıb. Müsahibələrin qiymətləndirilməsi zamanı proqramda iştirak üçün 21 nəfər mentor və 47 nəfər menti seçilib.