"Media və təhsil dialoqu" təlimi start götürüb
16 sentyabr tarixində Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Media və təhsil dialoqu" təlimi start götürüb.
Təlimin ilk günü "Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər", "Tədrisdə məzmun yenilikləri", "Yeni tədris ilinə hazırlıq", "Təhsil nazirliyinin elektron xidmətləri", "Portal.edu.az", "STEAM Azerbaijan" layihəsi, "Rəqəmsal bacarıqlar yeni tədris ilində", "Müəllimlərin işə qəbulu müsabiqəsi" və "Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı" mövzularında təqdimatlar olacaq.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun açılışını etdiyi tədbirdə giriş nitqi ilə Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib. Firudin Qurbanov Azərbaycanın təhsil sisteminin müxtəlif istiqamətləri və sahələri üzrə məlumatların ictimaiyyətə düzgün şəkildə çatdırılması üçün media ilə sıx əməkdaşlığın, xüsusilə də "Media və təhsil dialoqu" təliminin əhəmiyyətini vurğulayıb. Yaxın günlərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin və Azərbaycanın tarixi qələbəsinin bir ilinin tamam olması, bu qələbənin əldə olunmasında əvəzsiz rolu olan əsgərlərin məhz müasir Azərbaycanda formalaşması və təhsil alması xüsusilə qeyd olunub.
Təlimdə "Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər" təqdimatı ilə ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edib. Rüfət Əzizov çıxışında yeni təhsil proqramları və resursları, müəllimlərin peşəkar inkişafı, yeni metodik vəsaitlər, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları, strateji təhsil tədqiqatları, inkişaf və innovasiya layihələri, inklüziv təhsil layihələri, ümumi təhsildə qiymətləndirmə, fövqəladə vəziyyət şəraitində psixososial dəstək, şagirdlərin öyrənmə ehtiyacları və ARTİ tərəfindən hazırlanan müxtəlif faydalı materiallar haqqında geniş məlumat verib.
Məzmun islahatları barədə çıxış edən R.Əzizov pilot olaraq sınaqdan keçirilən və kütləvi istifadəyə verilən dərsliklər, Sinqapurun təhsil şirkətləri ilə əməkdaşlıq çərçivəsində yenilənəcək dərsliklər və Təbiət fənninin tədrisinə start verilməsi, habelə məktəbə hazırlıq səviyyəsi üçün nəzərdə tutulan dərsliklər haqqında danışıb. Təbiət fənnini tədris edəcək müəllimlər üçün keçirilən təlimlər, bundan əlavə mütəmadi olaraq müəllimlərin peşəkar inkişafını təmin etmək məqsədilə təşkil olunan seminarlar qeyd olunub. Bununla yanaşı, ARTİ tərəfindən müəllimlərə metodik dəstək göstərilməsi, müxtəlif metodik vəsaitlərin hazırlanması da diqqətə çatdırılıb. Şagirdlərin müxtəlif milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nəticələr göstərməsi üçün tədqiqatlarda iştirak etməklə yanaşı, sözügedən tədqiqatlara uyğun olaraq tədrisdə məzmun islahatlarının həyata keçirilməsi bildirilib. Sonda ARTİ tərəfindən həyata keçirilən bir sıra tədqiqatlar, layihələr, proqramlar haqqında ətraflı məlumat verən R.Əzizov media nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd edək ki, 17 sentyabr tarixində davam edəcək təlimin təşkilində əsas məqsəd jurnalistlərin təhsil sahəsi ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.