17.09.2021

Ali və orta ixtisas təhsili müəssisələrində distant təhsildə öyrənmə nəticələri araşdırılıb

ARTİ tərəfindən cari ilin aprel-iyun aylarında ali və orta ixtisas təhsili müəssisələrində distant təhsildə öyrənmə nəticələrinin araşdırılmasına dair müvafiq sorğular və müsahibələr keçirilib. Professor-müəllim heyəti, tədris işlərinə məsul heyət və tələbələr arasında keçirilən sorğuların əsas məqsədi mövcud vəziyyətin araşdırılması, problem və çətinliklərin müəyyən edilməsi, tədris prosesinin keyfiyyətinin artırılması üçün müvafiq tövsiyələrin verilməsidir.

Belə ki, professor-müəllim heyətindən 3059, tədris işlərinə məsul heyətdən 465, tələbələrdən 41366 nəfər sorğu anketlərini doldurub. Müsahibələr vasitəsilə ali və orta-ixtisas təhsili müəssisələrinin pandemiya zamanı distant təhsilin təşkili təcrübəsi daha dərindən araşdırılıb. Ümumilikdə, 21 təhsil müəssisəsinin distant təhsilin təşkili üzrə məsul nümayəndələri ilə iyun ayında müsahibələr aparılıb.

Hal-hazırda ARTİ tərəfindən sorğuların və müsahibələrin analiz prosesi davam edir. Analiz prosesi bitdikdən sonra nəticələr ictimaiyyətə açıqlanacaq.