19.09.2021

Masallıda 2 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib

17 sentyabr 2021-ci il tarixində Masallı rayonu Boradigah qəsəbə İ.Nağıyev adına 2 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində ARTİ-nin direktoru Rüfət Əzizov, direktor müavini Ülkər Babayeva, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov iştirak edib.

Bildirilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. 28 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 əmək otağı, 1 informatika, 1 hərbi hazırlıq otağı, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir qazanxana sistemi quraşdırılıb.

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 539 şagird, məktəbəhazırlıq qrupunda isə 40 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 41 nəfər pedaqoji, 23 nəfər texniki işçi çalışır.

Masallı rayonunda 66 tam orta, 26 ümumi orta, 3 ibtidai olmaqla, ümumilikdə 95 ümumi təhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.