Masallı rayonu üzrə həyata keçirilən "STEAM Azerbaijan" və "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində görülən işlər təqdim olunub
17 sentyabr 2021-ci il tarixində ARTİ-nin direktoru Rüfət Əzizov və Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov Masallı rayonu üzrə həyata keçirilən “STEAM Azerbaijan” və “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində görülən işlərlə, tədris otaqlarında yaradılmış şəraitlə, şagirdlərin və uşaqların layihələr çərçivəsində hazırladıqları əl işləri ilə yaxından tanış olublar.
Məlumat üçün bildiririk ki, "STEAM Azerbaijan" və “İcma əsaslı məktəbəqədər təhsil” layihələri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ tərəfindən icra olunur.
2021-2022-ci tədris ilindən etibarən respublika üzrə “STEAM Azerbaijan” layihəsinin əhatə edəcəyi şagird sayı 302 ümumtəhsil məktəbindən 50000-100000 nəzərdə tutulur. Əhatə dairəsinin genişləndirilməsi çərçivəsində ölkə üzrə 15 STEAM Mərkəzinin yaradılması nəzərdə tutulub.
Layihə Masallı rayonu ümumi təhsil müəssisələrindən iki məktəbdə - Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta və Banbaşı kənd C.Qasımov adına tam orta məktəbdə 2019-2020-ci tədris ilindən tətbiq olunur. Layihənin 2021-2022-ci tədris ilindən etibarən isə Mahmudavar kənd Q.Babayev adına ümumi orta məktəbdə həyata keçirilməsi planlaşdırılır.
2020-2021-ci tədris ilində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 179 yeni qrupun fəaliyyətə başlaması ilə ümumi sayı 500-ə çatan icma əsaslı məktəqəbədər təhsil qruplarında 486 tərbiyəçi-müəllim çalışır. Cari tədris ilində ümumilikdə 9207 nəfər 3-4 yaşlı uşağı əhatə edən layihə respublikanın 50 şəhər və rayonunda icra olunur.
Masallı rayonu üzrə cari tədris ilində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin 33 məktəbdə 35 qrup üzrə keçirilməsi nəzərdə tutulub.