21.09.2021

"ADA" Universiteti və ARTİ arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

20 sentyabr 2021-ci il tarixində “ADA” Universiteti və ARTİ arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“ADA” Universitetində keçirilən tədbirdə ARTİ-nin direktoru Rüfət Əzizov, direktor müavini Nəcibə Mustafayeva, Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, “ADA” Universitetinin Təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdal, fakültənin əməkdaşları iştirak ediblər.

ARTİ-nin direktoru Rüfət Əzizov və “ADA” Universitetinin Təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdal tərəfindən imzalanan Anlaşma Memorandumu bir sıra fəaliyyətləri özündə əks etdirir.

Sözügedən fəaliyyətlərə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, bu istiqamət üzrə birgə proqramların, o cümlədən doktorantura pilləsi üzrə təhsilin təşkilinə, əlavə təhsil üzrə ikili diplomların (sertifikatların) verilməsinə, innovativ təşəbbüslərin meydana çıxmasına, akademik heyət, tələbə və məzunların maarifləndirilməsinə, təhsil sahəsində potensial sahələrin araşdırma fəaliyyətlərinə, ixtiraçıların fəallığının artırılmasına dəstək, Universitet nəzdində fəaliyyət göstərən elmi araşdırma mərkəzləri ilə akademik tədqiqatların inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması, əmək bazarına qədər olan prosesdə könüllülük fəaliyyətinin təşviq edilməsi daxildir.

İmzalama mərasimindən öncə əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi və təcrübə mübadiləsi imkanlarının yaradılması üçün birgə tədbirlərin, konfransların, sərgilərin, təlimlərin və maarifləndirmə proqramlarının keçirilməsi müzakirə olunub. Bundan əlavə, ARTİ-nin bazası əsasında doktorantura səviyyəsində təhsilin birgə təşkili, “ADA” Universitetinin magistratura səviyyəsində aparılan magistr dissertasiyası işlərinə  və ya tədqiqat-yönümlü tədbiqi layihələrə (Capstone) cəlb olunmuş məzunlarına kvota əsasında yerlərin ayrılması haqqında da fikir mübadiləsi aparılıb.

Əməkdaşlıq çərçivəsində “ADA” Universitetində müxtəlif ixtisaslar üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələrin ARTİ tərəfindən təşkil olunan müxtəlif təcrübə proqramlarına, istehsalat təcrübəsinə, o cümlədən seminar və təlimlərə cəlb edilməsilə yanaşı, buraxılış və magistr dissertasiyası işlərinə müdafiə şurasına üzv olmaq üçün ARTİ nümayəndələrinin cəlb olunması da nəzərdə tutulub.

ARTİ-nin elmi heyəti və doktorantları və “ADA” Universitetinin elmi-pedaqoji heyəti və magistr tələbələri tərəfindən aparılan tədqiqatların birgə planlaşdırılması və təşkili, eləcə də ARTİ-nin tədqiqat layihələrində, kurikulum və digər tədris resurslarının hazırlanmasında  Universitetin elmi-pedaqoji heyətinin ve magistr tələbələrinin iştirakı da nəzərdə tutulan fəaliyyətlərə aiddir.

Birgə fəaliyyətlərdən danışarkən “ADA” Universitetinin "Bir müəllimin manifesti" proqramı çərçivəsində ARTİ ilə əməkdaşlığın qurulması, mövcud tədqiqat potensialının gücləndirilməsi və respublikada keyfiyyətli tədqiqatların sayının artırılması məqsədilə gənc mütəxəssislərin və tələbələrin “ARTİ Tədqiqat Mentorluq Proqramı”na cəlb edilməsi, bu sahədə koordinasiyanın həyata keçirilməsi üçün təkliflərin verilməsi, “ADA” Universitetinin məzunlarının ARTİ-də yaradılacaq mütəxəssis bankına daxil edilərək müvafiq vakant yerlərə işçi kimi cəlb edilməsi üçün tədbirlərin görülməsi də vurğulanıb.