ARTİ-nin direktor müavini Ülkər Babayeva beynəlxalq vebinarda "Təhsildə beynəlxalq qiymətləndirmələr: Azərbaycan nümunəsi" adlı təqdimatla çıxış edib
22 sentyabr tarixində "Son 20 ildəki beynəlxalq miqyaslı qiymətləndirmələr siyasətə və təcrübəyə necə təsir edə bilər: Təhsilin keyfiyyətini artırmaq üçün qlobal dərslər" adlı vebinarda ARTİ-nin direktor müavini Ülkər Babayeva “Təhsildə beynəlxalq qiymətləndirmələr: Azərbaycan nümunəsi” adlı təqdimatla çıxış edib.
Ülkər Babayeva çıxışında müxtəlif beynəlxalq qiymətləndirmə tədqiqatlarından əldə edilən nəticələrin həm təhsil proqramlarının (kurikulumların), həm də dərsliklərin nəzərdən keçirilməsinin və yenidən işlənilməsinin vacibliyini göstərdiyini qeyd edib. O bildirib ki, xüsusilə, təbiət fənləri üzrə proqramların və dərsliklərin təkmilləşdirilməsi prosesi beynəlxalq məsləhətçilərin cəlb olunmasını tələb edir. Bu məqsədlə, Təhsil Nazirliyi və ARTİ tanınmış Sinqapur institutları və nəşriyyat evləri ilə əməkdaşlıq edir. Qeyd olunub ki, kurikulum və dərsliklərə yenidən baxılması ilə yanaşı, milli qiymətləndirmə siyasəti və təcrübələri də dəyişdirilməli və müəllimlərin peşəkar inkişafı sözügedən islahatları müşayiət etməlidir.
Ü.Babayeva təqdimatı zamanı Azərbaycanın mərkəzləşdirilmiş təhsil sistemi, Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqatdakı (PIRLS) irəliləyiş, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) və Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramında (TIMSS) müşahidə olunan trendlər barədə danışıb. Həmçinin, o, Kompüter və İnformasiya Savadlılığı üzrə Beynəlxalq Tədqiqat (ICILS) 2023 və Təlim və Tədris üzrə Beynəlxalq Araşdırma (TALIS) 2024 kimi digər beynəlxalq tədqiqatlarda da iştirak, dərsliklər, qiymətləndirmə siyasəti, buraxılış imtahanları ilə bağlı gələcək planlar haqqında məlumat verib.
Vebinarda Təhsil və Təlimi Qiymətləndirmə Komissiyasının (ETEC) idarə heyətinin sədri Dr. Khalid Abdullah Al-Sabti, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim Mohammed AlMalik, Cənubi Koreyanın Təhsil nazirinin müavini Jung Jong Chul, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar departamentinin direktoru cənab Andreas Schleicher və müxtəlif ölkələrin təhsil ekspertləri və təhsil qurumlarının rəsmiləri çıxış ediblər.
Nəzərinizə çatdıraq ki, Təhsil və Təlimi Qiymətləndirmə Komissiyası (ETEC) və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən birgə təşkil edilən bir günlük vebinar beynəlxalq şagird qiymətləndirmə tədqiqatlarının təhsilin keyfiyyətinin artırılması üçün siyasət və təcrübəyə necə təsir etdiyini araşdırmağı hədəfləyib.