22.09.2021

"Peşəkar ol" layihəsi üzrə seminarlara start verilib

ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi Bakı Slavyan Universitetinin müəllimlik ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün “Peşəkar ol” layihəsi üzrə seminarlara start verib. 12 saatlıq proqram əsasında 5 gün müddətində təlimlərin keçirilməsi nəzərdə tutulur. Seminarda könüllü olaraq 20 nəfər tələbə iştirak edir.

21 sentyabr tarixində ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova “Yazı işlərinin təşkilində səmərəli üsullar” mövzusunda bilikləri tələbələrlə bölüşüb, praktik məşğələlər təşkil edib.

22 sentyabr tarixində ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Məktəbdaxili qiymətləndirmə” mövzusunda tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində təlim keçib.

Seminarın növbəti günlərində “Səmərəli davranış qaydaları”, “Dinləyib-anlama və danışma fəaliyyəti üzrə işin təşkili metodikası”, “İnklüziya nədir?” mövzularında təlimlərin təşkil edilməsi planlaşdırılır.

Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda ali təhsil müəssisələrinə dəstək göstərməkdir.