23.09.2021

"E-ticarət və tələb etdiyi bilik-bacarıqlar" adlı vebinar keçirilib

ARTİ 22 sentyabr 2021-ci il tarixində “E-ticarət və tələb etdiyi bilik-bacarıqlar” adlı vebinar keçirib. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutub.

Tədbirin spikeri Amazon şirkətinin Avropa Birliyi üzrə mərkəzində biznes analitik vəzifəsində çalışan Yaşar Əhmədov olub.

Yaşar Əhmədov təqdimatında öz təhsili və iş təcrübəsi, Amazonda satış və Amazonun iş prinsipi, data və data elmi, riyazi optimallaşdırma, data+analitika+optimallaşdırma, gələcəyə baxış kimi mövzular haqqında danışıb.

Dünyanın ilk elektron ticarət şirkətlərindən biri olan Amazon haqqında məlumat verən spiker satış öncəsi xidmət, satış xərcləri, “dropshipping”, satıcı mərkəzi, məhsulları satışa yerləşdirmə, məhsulların çatdırılması, satışa başladıqdan sonrakı proses barədə vebinar iştirakçılarını məlumatlandırıb. Daha sonra data elmi barədə çıxış edən Y.Əhmədov aidiyyəti sahə üzrə peşə növləri, DIKW piramidası, sənaye inqilabı, data elmindəki metodologiyalar, proqramlaşdırma barədə məlumat verib.

200-dən çox təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı tədbirin sonunda spiker iştirakçıların suallarını cavablandırıb.