"Ümumi təhsil pilləsində qiymətləndirmə üzrə milli siyasətin gücləndirilməsi və müəllimlərin peşə standartlarının hazırlanması" adlı layihə start götürüb
ARTİ Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə “Ümumi təhsil pilləsində qiymətləndirmə üzrə milli siyasətin gücləndirilməsi və müəllimlərin peşə standartlarının hazırlanması” adlı layihənin icrasına başlayıb.
İki komponentdən ibarət olan layihənin məqsədi ümumi təhsil pilləsində milli qiymətləndirmə siyasətini yenidən nəzərdən keçirmək və təkmilləşdirmək, müəllimlərin peşə standartlarını hazırlamaqdır.
Layihə çərçivəsində xarici ölkələrin (xüsusilə mərkəzləşdirilmiş təhsil sistemlərinə malik) qiymətləndirmə siyasətləri təhlil olunacaq, ən uğurlu beynəlxalq təcrübələr nəzərə alınmaqla ümumi təhsildə qiymətləndirmə siyasəti yenilənəcək. Müəllimlərin peşə standartlarının isə müəllim hazırlığı (xidmətdən əvvəl və xidmət zamanı), işə qəbul, karyera inkişafı və sertifikasiyada tətbiq olunacağı planlaşdırılır.