"Səyyar muzey" yola çıxdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş "Səyyar muzey” layihəsinin icrasına başlanılıb.
25 oktyabrda "Səyyar muzey" layihəsi çərçivəsində Beyləqan şəhər Tarix-diyarşünaslıq muzeyinə səfər edilib. Muzeylə tanışlıqdan sonra görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
Layihənin əsas məqsədi “səyyar muzeylər” vasitəsi ilə məktəblər arasında mədəni irsimizin kompleks şəkildə təbliğinə dəstək vermək və muzeylərin mahiyyətini aşılamaqla insanlarda xüsusi marağın oyadılmasına nail olmaqdan ibarətdir.
Layihə çərçivəsində Beyləqan, Xocavənd, Füzuli, İmişli rayonlarının əvvəlcədən müəyyən edilmiş 4 ucqar kəndinə “səyyar muzey”in səfərinin təşki edilməsi nəzərdə tutulub. Bu səfərlərdə qədim əşyalar, sənətkarlıq nümunələri, milli geyimlər, bədii sənət abidələri, qədim əlyazma nümunələri nümayiş etdiriləcək, erməni vəhşiliyinin qurbanı olmuş mədəni irsimiz haqqında əhaliyə geniş məlumatlar veriləcək, məlumat bannerləri nümayiş etdiriləcək, beynəlxalq təcrübədə muzeylərin ölkənin həyatındakı rolu mövzusunda video-roliklər nümayiş etdiriləcək.
Ümumi təhsil müəssisələri kateqoriyasında Xocavənd rayon Tuğ kənd 1 saylı tam orta məktəbinin qalib olmuş “Səyyar muzey” layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.