01.10.2021

Azərbaycan Texniki Universitetində "SABAH Magistratura" proqramı çərçivəsində yaradılmış "Logistika və nəqliyyat" ixtisaslaşması üzrə tədris proqramının təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “SABAH Magistratura” proqramı çərçivəsində yaradılmış “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə tədris proqramının təqdimatı keçirilib.

AzTU-nun rektoru Vilayət Vəliyev “SABAH Magistratura” proqramı çərçivəsində “Logistika və nəqliyyat” ixtisaslaşmasına qəbul olan tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd edib ki, 2021-ci ilin iyun-iyul aylarında AzTU-da “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə “SABAH Magistratura” proqramı çərçivəsində tədrisin təşkili və digər aidiyyəti işləri icra edəcək təşkilatın seçilməsi məqsədilə qrant müsabiqəsi elan olunub. Qrant müsabiqəsinin qalibi ARTİ seçilib. Proqram çərçivəsində “Logistika və nəqliyyat” ixtisaslaşmasına qəbul olan 48 tələbənin ingilis dili bilik və bacarıqlarının yüksək səviyyədə inkişaf etdirilməsi və elmi-tədqiqat işlərinin aparılması sahəsində səriştələrinin formalaşdırılması nəzərdə tutulub.

Daha sonra ARTİ-nin nümayəndəsi Səbinə Babayeva “SABAH Magistratura” proqramının məqsəd və hədəfləri barədə təqdimatla çıxış edib.

Qeyd edək ki, ARTİ tərəfindən layihə çərçivəsində tədrisin yüksək səviyyədə təmin edilməsi məqsədilə təchizat zənciri, logistika və nəqliyyat sahəsində ixtisaslaşmış  yerli və xarici müəllimlərin cəlb olunması, logistika və nəqliyyat ixtisaslaşması üzrə yeni məzmunun hazırlanması, tədris metodik vəsaitlərin (sillabusların, dərsliklərin, dərs vəsaitlərinin, metodik vəsaitlərin və göstərişlərin) hazırlanması, təlim komponenti – yerli müəllimlərin logistika və təchizat zənciri sahəsində yerli və xarici təlimlərdə iştirakının təşkili kimi fəaliyyətlər həyata keçiriləcək. Bundan əlavə, tədrislə bağlı maddi-texniki bazanın formalaşdırılması, logistika və təchizat zənciri sahəsində tədris yönümlü proqram təminatının təchiz edilməsi, tələbələr üçün dərsliklərin və tədris materiallarının nəşri, fakültativ intensiv ingilis dili tədrisinin təşkili də nəzərdə tutulub.