05.10.2021

"SABAH Magistratura" və ikili diplom proqramlarına qəbul olunan tələbələrlə görüş keçirilib

4 oktyabr tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ARTİ-nin ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” proqramı və Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına 2021/2022-ci tədris ilində qəbul olunan tələbələrlə görüş keçirilib.

Görüşdə Təhsil naziri Emin Əmrullayev, ADPU-nun rektoru Cəfər Cəfərov, ARTİ-nin direktor müavini Ülkər Babayeva, Təhsil Nazirliyinin, ADPU-nun və ARTİ-nin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıq elan edib. Öncə çıxış üçün söz ADPU-nun rektoru Cəfər Cəfərova verilib. Yeni tədris ilinin ənənəvi formada başlaması münasibətilə tələbələri təbrik edən rektor Təhsil Nazirliyinin dəstəyi və ARTİ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “SABAH Magistratura” proqramının fəaliyyətə başlamasının xüsusi əhəmiyyətini vurğulayıb. Həmçinin strateji əhəmiyyətə malik Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına yeni 25 magistrantın qəbul olunmasının mühümlüyü də qeyd olunub. ADPU-nun fəaliyyəti, yeni islahatlar, Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı və “SABAH Magistratura” proqramı haqqında ətraflı və statistik məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra söz Təhsil naziri Emin Əmrullayevə verilib. Tədbir iştirakçılarını salamlayan Emin Əmrullayev görüşün məqsədinin Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı və “SABAH Magistratura” proqramından gözləntilər, Azərbaycan müəlliminin qarşısında duran əsas məqsəd və vəzifələr barədə fikirlərin səsləndirilməsi olduğunu bildirib. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra başlayan yeni tədris ilinin ötən illərdən fərqli olduğunu vurğulayan nazir müəllim adını qazanacaq tələbələrin bəlli bir qisminin məhz işğaldan azad olunan Qarabağ torpaqlarında peşəkar fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb. Uzun fasilədən sonra əyani təhsilin start götürməsilə mövcud pandemiya şəraitinə uyğun olaraq səmərəli və düzgün qərarların verilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı və “SABAH Magistratura” proqramının, o cümlədən “SABAH qrupları” layihəsinin Azərbaycan təhsilində özünəməxsus yeri var və bu proqramlar sürətli şəkildə kadr hazırlığı məqsədi daşıyır. Təhsil Nazirliyinin sözügedən proqramları icra etməkdə əsas məqsədinin hər bir təhsilalana keyfiyyətli təhsil vermək olduğu bildirilib.

Sonda Təhsil naziri Emin Əmrullayev və ADPU-nun rektoru Cəfər Cəfərov tələbələrin suallarını cavablandırıb.