"AZERCELL CUP" proqramlaşdırma müsabiqəsinin final mərhələsi keçirilib
10 oktyabr 2021-ci il tarixində ADA universitetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ARTİ-nin təşkilatçılığı ilə 6-8-ci sinif şagirdləri arasında proqramlaşdırma üzrə "AZERCELL CUP" müsabiqəsinin finalı turu keçirilib. Müsabiqədə ümumilikdə 130 nəfər şagird iki yarımqrup (6-7-ci sinif şagirdləri aşağı yaş qrupu, 8-ci sinif şagirdləri yuxarı yaş qrupu) üzrə mübarizə aparıb. Şagirdlərə həll edilməsi üçün 5 alqoritmik məsələ və 3 saat vaxt verilib. Yarışın sonunda nəticələr elan olunub və medalçılar müəyyən edilib.
Xatırladaq ki, final turuna seçim 27 iyun 2021-ci il tarixində virtual formada keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması, müvafiq sahələr üzrə məntiqi təfəkkürünün inkişaf səviyyəsi, alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən şagirdlərin müəyyənləşdirilməsi və onların həvəsləndirilməsindən, seçilən şagirdlərin beynəlxalq olimpiadalara hazırlıq məşğələlərinə cəlb edilməsindən ibarətdir.
ARTİ və İnformatika üzrə Milli Olimpiada komandasının tərəfdaşı “Azercell Telekom” MMC şirkəti informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların dəstəklənməsi üçün təşəbbüsləri davamlı olaraq dəstəkləyir. 2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi "Azercell Telekom" MMC-nin dəstəyi ilə həyata keçirilir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub. Belə ki, hazırlıqdan keçən şagirdlərimiz dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.