"Valideyn nəzarət sistemi vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllim peşəkarlığının artırılması" layihəsi öz işini davam etdirir
Sumqayıtda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Valideyn nəzarət sistemi vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllim peşəkarlığının artırılması” layihəsi çərçivəsində təlimlər davam edir.
Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbi əhatə edən layihə çərçivəsində həm məktəbin müəllimlərinə, həm da şagirdlərin valideynlərinə təlimlər keçirilir dəyirmi masalar təşkil olunur. Belə ki, layihə çərçivəsində İKT-dən tədris prosesində, məktəbin idarə olunmasında istifadə edərək keyfiyyətli məktəb idarəetməsi mövzusunda təlimlər məktəbin rəhbər işçiləri üçün, elektron poçtdan istifadə, mövcud veb alətlərdən istifadə edərək təhsil prosesinə məsafədən nəzarət təlimləri valideynlər üçün, sosial servislərdən tədris prosesində istifadə mövzusunda təlimlər isə pedaqoji heyət üçün nəzərdə tutulub.
Layihənin başlıca məqsədi məktəbə nəzarət prosesinin təkmilləşdirilməsi, məktəbdə təhsilin keyfiyyətinin artırılması, yeni informasiya mədəniyyətinin formalaşdırılması, şagirdlərin bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirilməsi, məktəbin təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına inteqrasiyasının təmin edilməsi, valideynlərin məsafədən övladlarının dərsini izləmə, vaxtında məlumatlandırılma imkanın yaradılması, rəqəmsal məktəb mühitinin formalaşdırılması, məktəbin inzibati idarə heyətinin müasir təlim texnologiyaları vasitəsilə tədris prosesinə nəzarətinin gücləndirilməsi, müəllimlərin məsafədən təhsil fəlsəfəsinə yiyələnməsinə nail olmaq və pedaqoji kadrların hazırlanması sisteminin təhsilin informasiyalaşdırılması konsepsiyasının nəzərə alınması ilə yenidən qurulmasından ibarətdir.
Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.