01.11.2021

"Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə distant təlim proqramı" layihəsi start götürüb

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış “Partlayıcı Sursatların Təhlükəsi barədə Ailə və Uşaqların Maarifləndirilməsinə dair 2021-2022-ci illər üçün Birgə Fəaliyyət Planı”na əsasən ARTİ tərəfindən “Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə distant təlim proqramı” layihəsinin icrasına başlanılıb.

Layihənin əsas məqsədi şagirdlərə mina və partlamamış hərbi sursat haqqında lazımi biliklər vermək və onları davranış qaydaları ilə yaxından tanış etməkdir.

Adıçəkilən layihə çərçivəsində Azərbaycanın 10 rayonu – Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən, Bərdə, həmçinin digər rayonlarda seçilmiş məcburi köçkün icmalarında ümumi təhsil müəssisələrinin müəllimlərinə mina və digər partlayıcı sursatların təhlükəsinə dair müvafiq təlimlər keçiriləcək və müəllimlərin əldə edəcəkləri bilik və bacarıqların tətbiqinə nəzarət olunacaq.

Sözügedən təlimlər UNICEF-in dəstəyi ilə ANAMA tərəfindən hazırlanıb və şagirdlər üçün yenilənmiş dərsliklərdən və müəllimlər üçün metodik vəsaitlərdən istifadə edərək təlimləndirilən ekspert təlimçi qrupu tərəfindən aparılacaq. Həmin təlimçi qrupunun hazırlanması məqsədilə 25 oktyabr tarixində ANAMA-nın Maarifləndirmə işləri üzrə mütəxəssisləri tərəfindən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” (PSTM) proqramı üzrə Təlimçilərin Təlimi (ToT) keçirilib. Təlimlərdə mina və partlamamış hərbi sursatların (PHS) tanınması, təhlükəli ərazilərin əlamətləri, sosial psixoloji təsirlər, məktəb hazırlığında PSTM haqqında məlumatlar verilib. Sonda təlimçilərə sertifikat, təlimat kitabçası, PSTM təbliğat materialları olan maarifləndirici və xəbərdaredici poster, bukletlər təqdim olunub. Növbəti aylarda təlimçi qrupu müəllimlərin təlimləndirilməsinə başlayacaq.

Eyni zamanda, layihə çərçivəsində "Mina təhlükəsizliyi" dərsinin təşkili ilə bağlı müəllimlər üçün metodik vəsaitin və video təlimatların hazırlanması nəzərdə tutulur. 

Qeyd edək ki, layihə 2022-ci ilin iyul ayınadək davam edəcək.