27.10.2017

"İnteqrativ tədris üsullarından istifadə etməklə ümumi orta təhsil səviyyəsində şagirdlərin fənn bilimləri, riyaziyyat və oxu bacarıqlarının inkişaf etdirilməsi" layihəsi çərçivəsində məşğələlərə başlanılıb

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “İnteqrativ tədris üsullarından istifadə etməklə ümumi orta təhsil səviyyəsində şagirdlərin fənn bilimləri, riyaziyyat və oxu bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində məşğələlərə başlanılıb.

Məşğələlər ilk olaraq Humanitar fənlər təmayüllü məktəb – liseyin 9-10-cu sinif şagirdləri ilə keçirilib.

Layihə çərçivəsində PİSA beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələrinə əsaslanaraq bir çox fəaliyyətlər – PİSA beynəlxalq qiymətləndirmə tədqiqatına dair paylama materiallarının tərcümə edilməsi, simulyativ tapşırıq nümunələrindən ibarət  kitabçaların hazırlanması, onbeşyaşlıların fənn bilimləri, riyaziyyat, problem həll etmə və oxuyub-anlama bacarıqları üzrə mövcud bilik səviyyəsinin müəyyənlşdirilməsi, onların beynəlxalq qiymətləndirmə materialları ilə tanış edilməsi, iş aparılan siniflərdə müvafiq fənləri tədris edən müəllimlərə metodiki dəstəyin göstərilməsi və s. nəzərdə tutulub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 15 yaşlılarla keçirilən PİSA beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri də göstərir ki, şagirdlərin məktəbdə öyrəndikləri bilik və bacarıqları real həyati bacarıqlara çevirmək təcrübəsinə yiyələnməsi bir şagirdin məktəbdə əldə edə biləcəyi və bütün ömrü boyu ona lazım olan ən zəruri həyat amillərindəndir. Bu cür bacarıqlara yiyələnərək müstəqil həyata başlayan vətəndaş şəxsi və sosial problemlərin həllində çevik addımlar atmaq, cəmiyyətin həyatını müsbət yöndə zənginləşdirmək iqtidarındadır.

Ümumilikdə Bakı şəhərində yerləşən 70 ümumtəhsil məktəbini əhatə edən layihənin nəticəsi kimi ümumi orta təhsil səviyyəsində təhsil alan onbeşyaşlıların fənn bilimləri, riyaziyyat və oxu bacarıqları üzrə bilik, bacarıq və vərdişlərinin inkişafı gözlənilir.

Humanitar fənlər təmayüllü məktəb – liseyin direktoru Nəzakət Əsgərovanın rəhbərliyi ilə ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.