Direktorlar

Müəllimlərə mütəmadi dəstək vermək, onların inkişafını təmin etmək, müəllim fəaliyyətinə nəzarət etmək, təkmilləşməyə ehtiyacı olan müəllimləri müxtəlif təlimlərə göndərmək, təcrübəli müəllimlərin yeni gələn müəllimlərə kömək etməsi üçün şərait yaratmaq ümumtəhsil müəssisələri rəhbərlərinin birbaşa vəzifə­sidir. 2013/2014-cü tədris ilindən başlayaraq hər il Təhsil Nazirliyi təhsilin keyfiyyətinin artırılması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə məktəb rəhbəri olmaq istəyən müəl­lim və direktor müavinləri üçün təlimlər təşkil edir. 2016-cı ildə Bakı, Gəncə və Sumqayıt şəhərləri, Abşeron, Göygöl, Goranboy, Xızı, Samux və Daşkəsən rayonları üzrə, ümumilikdə, 180 nəfər şəxs direktor və gələcəkdə direktor işləmək istəyən şəxslər bu təlimlərdə iştirak etmiş və təlimlərin nəticələrinə əsasən 27 nəfər şəxs direktor vəzifəsinə təyinat almışdır.

Bundan başqa, ölkənin şəhər və rayonlarının ümumtəhsil məktəblərində vakant olan məktəb direktoru vəzifəsinə seçimin obyektiv və şəffaf aparılması, səriştəli, peşəkar, müasir idarəetmə bacarıqlarına malik şəxslərin seçilməsi, bu işin daha səmərəli tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirli­yinin 11 mart 2016-cı il tarixli 143 saylı əmri ilə “Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə Qaydalar”ı təsdiq edilmiş və cari ilin aprel ayında müsabiqə elan edilmişdir. Müsabiqəyə ölkə üzrə 597 vakant yer çıxarılmışdır ki, daha çox vakant yerlər Cəlilabad (36), Ağdam (30), Goranboy (29), Laçın (21), Sabirabad (20), Füzuli (17), Şamaxı (15), Tovuz (14), Kürdəmir, Masallı, Neftçala (hər birində 13), Cəbrayıl, Şəmkir (hər birində 11) rayonlarında olmuşdur.

Nazirliyin müəyyən etdiyi Qaydalara müvafiq olaraq, direktorların işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə 4 mərhələdə (elektron ərizələrin qəbulu, sənədlərin eksper­tizası, test imtahanı, müsahibə) təşkil edilmişdir. Müsabiqəyə 2260 müstəqil namizəd elektron ərizə ilə müraciət etmiş, 1591 nəfər imtahanda iştirak etmiş, 516 namizəd isə müsahibə mərhələsinə buraxılmışdır. Təhsil Nazirliyinin 21 iyul 2016-cı il tarixli 505 saylı əmri ilə müsahibə komissiyası yaradılmış və 25 iyul-17 avqust 2016-cı il tarixlərində müsahibə təşkil edilmişdir. Müsahibədə namizədlərin təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri, müasir idarəetmə, pedaqoji prosesə rəhbərlik və nəzarət, əmək qanunvericiliyi sahəsində bilik və bacarıqları, ümumi dünyagörüşü, liderlik və şəxsi keyfiyyətləri qiymətləndirilmişdir.

Yekun olaraq, Nazirliyin 26.08.2016-cı il tarixli 590 saylı əmri ilə müsahibədən uğurla keçən 208 namizəd seçdiyi vakant yer üzrə direktor vəzifəsinə işə qəbul edilmişdir.