Müəllimlər

2016/2017-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək məqsədilə 34888 nəfər miq.edu.az saytında qeydiyyatdan keçmişdir. Ötən il bu rəqəm 24437 nəfər olmuşdur. Cari tədris ili üçün keçirilmiş müsabiqədə 31779 nəfərin elektron ərizəsi təsdiq edilmiş və onlar test imtahanı mərhələsinə buraxılmışdır. Ötən il elektron ərizəsi təsdiq olunmuş şəxslərin sayı 21795 olmuşdur. Müsabiqənin test imtahanı mərhələsində bu il 27814 nəfər, ötən il isə 18573 nəfər iştirak etmişdir. Beləliklə, bu il test imtahanlarında iştirak edənlərin sayı 2015-ci illə müqayisədə 9241 nəfər (49,75%) artmışdır. Müsabiqə nəticəsində müddətsiz müqavilə ilə işə qəbul olunanların sayı 2365 nəfər olmuşdur. Bu isə ötən ilin analoji göstəricilərindən 81 nəfər (3,4%) azdır. Ümumilikdə silinsin müddətli və müddətsiz müqavilə ilə işə qəbul olunmuş müəllimlərin sayı 2015-ci ildə 2879, cari tədris ilində isə 3000-dən çox olmuşdur. Ötən ildən fərqli olaraq adıçəkilən müsabiqəyə dair qaydalara əsasən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu tabelilik üzrə təhsili idarəetmə orqanının razılığı ilə müəssisə rəhbəri tərəfindən həyata keçiril­mişdir. Cari tədris ili üçün müsabiqənin nəticələrinə əsasən fənlər üzrə keçid balları aşağı salınmamışdır. Eləcə də, müsahibə komis­siyalarının tərkibinə məktəb direktorları ilə yanaşı praktiki psixo­loqlar və fənn müəllimləri daxil edilmişdir.

Sözügedən müsabiqənin nəticələrinə əsasən bu il kənd mək­təblərinə işə qəbul olunmuş 1758 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tətbiq edilmişdir. Ötən il isə həvəsləndirmə tədbirləri tətbiq olunmuş müəllimlərin sayı 1735 nəfər olmuşdur.

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə 2016-cı ilin iyun ayı ərzində həyata keçirilmişdir. Müsabiqənin test imtahanı mərhələsində 1621 nəfər iştirak etmişdir ki, bu da ötən ilin analoji rəqəmindən 714 nəfər çox olmuşdur. Belə ki, ötən ildə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqənin test imtahanı mərhələsində 907 nəfər iştirak etmişdir. Cari ildə müsabiqə nəticəsində iş yerini dəyişdirən müəllimlərin sayı 243 nəfər olmuşdur. 2015-ci ildə isə belə müəllimlərin sayı 175 nəfər təşkil etmişdir. Bu da ötən ilki nəticələrdən 68 nəfər (38,85%) çoxdur.

Müəllimlərin bilik və bacarıqlarının artırılması tədrisin key­fiyyətinin yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edir. 2015-2016-cı illərdə Bakıda keçirilən diaqnostik qiymətləndirmədə 28758 nəfər, ölkənin 12 bölgəsində isə 26290 nəfər iştirak etmişdir.

Diaqnostik qiymətləndirmə imtahanı ixtisas və metodika üzrə test formatında həyata keçirilmiş, test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunmuşlar. Diaqnostik testin nəticələrinə əsasən regionlar üzrə imtahanda iştirak edən müəllimlərin 14,8 %-i əla, 53,6 %-i yaxşı nəticə göstərmiş, 31,6 % müəllimin isə təkmilləşməyə ehtiyacı olduğu qənaətinə gəlinmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 saylı Sərəncamına əsasən dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılmışdır.

Qeyd olunan Sərəncama əsasən 1 yanvar 2015-ci il tarixindən Bakı şəhərinin, 1 yanvar 2016-cı il tarixindən isə respublikanın 12 şəhər və rayonunun (Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlila­bad, Saatlı, Qubadlı, Sabirabad) dövlət ümumtəhsil müəs­sisələrində çalışan və diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin əmək haqları artımla ödənilir.

Aparılan islahat nəticəsində Bakı şəhəri də daxil olmaqla, ümumilikdə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əmək haqqı 440 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşmışdır. Bununla da ölkənin ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 40 faizinin əmək haqlarında əhəmiyyətli artım olmuşdur.

Cari ilin noyabr-dekabr ayları ərzində də ümumtəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutul­muşdur. Hal-hazırda qiymətləndirilmə respublikanın 26 şəhər və rayonunda keçirilir.