Kurikulum

“Kurikulum” latın mənşəli söz olub lüğəvi mənası “kurs”, “yol”, “istiqamət” deməkdir. Lüğətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur.

“Kurikulum” bir pedaqoji anlayış kimi 1990-cı illərin sonlarından başlayaraq Azərbaycan dilində istifadə olunmağa başlamışdır. 1999-cu ildən etibarən Respublikamızda mərhələ-mərhələ həyata keçirilən Təhsil islahatının 2003-2013-cü illəri əhatə edən üçüncü mərhələsində "Ümumi orta təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu" adlı komponentin altkomponentlərindən biri kimi "Kurikulum islahatı" təsdiq olunmuş və bu sahədə mütəmadi olaraq işlər görülmüş, tədbirlər həyata keçirilmişdir: Kurikulum Şurası təsis edilmiş, Kurikulum Mərkəzi yaradılmış və təhsil kurikulumlarının hazırlanmasına başlanılmışdır. Ölkə miqyasında tələbyönümlü kurikulumların hazırlanmasına müəllim, tərbiyəçi, məktəb rəhbəri və təhsil mütəxəssislərinin təmsil olunduğu, eləcə də təhsillə bilavasitə bağlı olan cəmiyyət üzvlərinin iştirak etdiyi işçi və ekspert qrupları cəlb olunmuşdur.

İslahat dövründə 2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədi, onun əsasında  2007-ci ildə  I-IV siniflər üçün fənn kurikulumları hazırlanaraq təsdiq olunmuşdur.  2011-ci ildə isə V-XI siniflər üçün fənn kurikulumları təsdiq olunaraq istifadəyə verilmişdir. Bundan əlavə, məktəb, eləcə də dərs  kurikulumu nümunələri hazırlanmışdır. Təhsil kurikulumları hazırlanarkən onların nəticəyönümlü, tələbyönümlü, şagirdyönümlü, şəxsiyyətyönümlü və inteqrativ xarakterə malik olması didaktik tələblər kimi nəzərə alınmışdır.

2008/2009-cu dərs ilindən ümumtəhsil məktəblərinin I siniflərində  fənn kurikulumları tətbiq olunmağa başlanmışdır. 2006-cı ildə  qəbul olunmuş "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədi Təhsil qanununun tələbləri baxımından yenidən nəzərdən keçirilərək “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə yeniləşdirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmişdir.

2009-cu ildə ilk dəfə olaraq  “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda kurikulum anlayışı təsbit olunmuş və onun mahiyyəti açıqlanmışdır: “Təhsil proqramı (kurikulum) - təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir”.

Milli kurikuluma əsasən ümumtəhsil məktəbləri üçün 21 fənn üzrə təhsil proqramları (kurikulumları) hazırlanmış və tətbiq edilməkdədir.