17.01.2022

Əməkdaşlıq mühitində metodist-müəllim münasibətləri

Müəllimlərin fəaliyyətlərində qarşılaşdıqları problemlərin həlli zamanı metodik və instruktiv dəstək üçün metodistlərə müraciət etməsi onların peşəkar inkişafına şərait yaradır. Metodist-müəllim münasibətlərinin təməlinin düzgün qoyulması müəllimlərə bu dəstəyin fasiləsiz göstərilməsində mühüm rol oynayır. İndiki dövrdə metodistin vəzifəsi müəllimin fəaliyyətini qiymətləndirməkdən çıxmış, müəllimin inkişafını təmin etməyə çevrilmişdir. Lakin bunu müəllimlər hər zaman hisss etmir. Nəticə olaraq, hazırda metodist və müəllim arasında peşəkar münasibətlərin inkişaf etdirilməsinə ehtiyac yaranmışdır. Metodist düzgün yanaşmalar seçərək buna nail ola bilər.

Araşdırmalar nəticəsində aydın olur ki, metodist və müəllim arasında münasibətlərin pozulmasının bir səbəbi dərsdinləmələr zamanı müəllimin işini qiymətləndirərkən təşviş, stress və narahatlığın yaranmasıdır. Çünki müəllimlərin əksəriyyəti  metodist fəaliyyətinin əməkdaşlıqdan çox inspeksiya məqsədli olduğunu düşünür. Belə bir yanaşmanı aradan qaldırmaq üçün kifayət qədər vaxt, diqqət və enerji sərf etmək vacibdir. Metodist ilk növbədə, öz fəaliyyətinin məqsədləri, vəzifələri, dərsdinləmələr və dəyərləndirmə prosesi haqqında müəllimlərə şəffaf məlumatlar verməli, onlardan geridönüş alaraq dəstəkləyici mühit yaratmalıdır. Bu mühit nə qədər açıq, şəffaf, etik və ruhlandırıcı olarsa, tərəflər arasında hörmət və dəstək də o qədər artar. Unutmaq olaz ki, müəllimlər və metodistlərin əsas məqsədləri üst üstə düşür -  şagirdlərin akademik və şəxsi inkişafını təmin etmək. Müəllimlərin bunu anlamasına və öz məsuliyyətlərini qəbul edərək dəyərləndirmənin düzgün aparılmasına dəstək olmasına şərait yaratmaq lazımdır. Eyni zamanda, metodist hər zaman əlçatan və proses daxilində olarsa, müəllimlərdə proseslə bağlı təşviş azalar və güvən formalaşmış olar.

 

Metodistin məqsədi müəllimlərə öz təlim məqsədlərini maksimal keyfiyyətdə həyata keçirməyin yollarını öyrənməkdə kömək etməkdir. Bu məqsədin uğurla həyata keçirilməsi metodistin müəllimlərin peşəkar inkişafının hansı səviyyədə olduğunu müəyyənləşdirmək və bu səviyyəyə uyğun instruktiv meto (direktiv, əməkdaşlıq və qeyri-direktiv metodlar) seçmə bacarığından asılıdır.

Peşəkar inkişafının birinci mərhəlləsində olan müəllimlərlə iş zamanı birbaşa (direktiv) modellərdən istifadə daha məqsədəuyğundur. Bu müəllimlərə metodist hərtərəfli dəstək olması, dərsin icmalının hazırlanması, tədris metodları, şagirdlərə tapşırıqların verilməsi, tapşırıqların yoxlanması, şagirdlərin işinin qiymətləndirilməsi, sinfin idarə olunması və s. kimi istiqamətlərdə ehtiyac duyduğu metodik dəstəyi göstərməsi lazımdır. İnkişafının ikinci mərhələsində olan müəllimlərlə isə metodistin  əməkdaşlıq yanaşması seçməsi daha məqsədəuyğundur. Bu müəllimlər daim öz tədris fəaliyyətlərinin, sinfi idarə etmək bacarıqları üzərində işləyir və metodist də onunla birgə peşəkar inkişaf planı hazırlamağa dəstək göstərir. Peşəkar inkişafın son mərhələsi olan üçüncü mərhələyə çatmış peşəkar müəllimlərlə iş zamanı isə dolayı (qeyri-direktiv) modellərə müraciət etmək lazımdır. Qəbul etmək lazımdır ki, bu müəllimlər ən azı metodistin özü qədər üstün təlim bacarıqlarına malikdirlər. Bu mərhələdə fokus təlim strategiyalarının və şagirdlərin ehtiyaclarına əsaslanan peşəkar inkişafın daha dərindən anlaşılmasına yönəlir.

Bu yanaşmaların düzgün seçilməməsi metodist və müəllim arasında anlaşılmazlığa, peşəkar münasibətlərin pozulmasına və konfliktə gətirib çıxara bilər. Bunun baş verməməsi üçün məqsədləri müəyyənləşdirərkən, planlaşdırma apararkən, strategiyaları seçərkən, dərsdinləmələr təşkil edərkən müəllimin bacarıq və təcrübəsini nəzərə almaq lazımdır. Bunu da unutmaq olmaz ki, metodistin dəstəyi ilə müəllimin peşəkarlığı artdığı təqdirdə bu dəyişikliklərə uyğunlaşdırılmış yanaşma və metodlar seçilməlidir.

Metodist və müəllimlər arasında anlaşılmazlıq yaranmasına bəzən də onların bir -birindən gözləntiləri və bu gözləntilərin qarşılanma səviyyələri səbəb ola bilər. Metodist öz gözləntilərini prosesə başlamazdan əvvəl müəllimlərlə müzakirə etməlidir. Metodist bu gözləntilərin və vəzifələrin yerinə yetirilməsi keyfiyyətini ölçmək üçün öz fəaliyyətini düzgün qiymətləndirməlidir. Bu məqsədlə o, özünüqiymətləndirmə və müqayisə üçün Karl D. Qlikmen, S. P. Gordon, J. M. Ross-Gordonun “Rəhbərliyə giriş və instruktiv liderlik" (2013) əsərində verilən Şəkil 1-də göstərilən sorğudan istifadə edə bilər.

 

Şəkil 1. Metodistin özünüqiymətləndirmə sorğusu

Metodistin özünüqiymətləndirmə sorğusu

Hər bir maddənin qarşısında fikrinizi ifadə edən ədədi yazın.

 

1- heç razı deyiləm

2- razı deyiləm

3- razıyam

4- tamamilə razıyam

 

Bölmə 3. Fərdi dəstək:

____12. Səmərəli şəkildə təlim prosesini müşahidə edir və yararlı geridönüş edir;

____13. Müəllimlərə yararlı metodik vəsaitlər təqdim edir;

____14. Müəllim refleksiyasını təşviq edir;

____15. Səmərəli təlim prosesini nümayiş etdirir;

____16. İnnovativ təlim metodlarını paylaşır;

____17. Yeni başlayan müəllimlərə səmərəli dəstək göstərir;

____18. Fəaliyyətlərində problemlə üzləşən müəllimlərə səmərəli dəstək göstərir;

____19. Fəaliyyətlərini planlaşdırmada müəllimlərə səmərəli dəstək göstərir;

____20. Şagirdlərin qiymətləndirilməsini planlaşdırmada müəllimlərə dəstək olur;

____21. Fəaliyyətini fərdiləşdirmədə müəllimlərə dəstək olur.

 

Bölmə 1. Peşəkar xüsusiyyətlər:

____1. Metodist şagirdlərin akademik və şəxsi inkişafını dəyərləndirir;

____2. Müəllimlərin akademik və şəxsi inkişafını dəyərləndirir;

____3. Müəllimlərdə güvən formalaşdırır;

____4. Müəllimlərlə ədalətli davranır;

____5. Müxtəlif situasiyalara uyğunlaşır;

____6. Etik davranır.

 

Bölmə 2. Bacarıqlar:

____7. Ünsiyyət bacarıqları nümayiş etdirir;

____8. Ehtiyacların qiymətləəndirilməsi bacarıqları nümayiş etdirir;

____9. Problem həlletmə bacarıqları nümayiş etdirir;

____10. Müşahidə bacarıqları nümayiş etdirir;

____11. Mübahisə həlletmə bacarıqları nümayiş etdirir;

 

Bölmə 4. Məktəbdaxili dəstək:

____22. Müəllimlər arasında tədris dialoqunu asanlaşdırır;

____23. Pozitiv məktəb mühitinin təmin olunmasına dəstək verir;

____24. Məktəbdaxili təlim-tədris prosesinin inkişaf etdirilməsi üçün müəllimlərin birgə əməkdaşlığını dəstəkləyir;

____25. Müəllimlərin özünə inamını artırır;

____26. Müəllimlərin peşəkar inkişafına səmərəli dəstək verir;

____27. Kurikulumun inkişaf etdirilməsinə səmərəli dəstək verir;

  • ____28. Proqram qiymətləndirilməsini həyata keçirir.


Eyni zamanda müəllimlərlə dialoq qurmaq lazımdır. Səmimi söhbət ilə bir çox anlaşılmazlığı aradan qaldırmaq mümkündür. Müəllimin peşəkarlığını artırmaq üçün metodist onun istək və ehtiyaclarını nəzərə alıb müvafiq kurslara, təlimlərə cəlb etməklə, metodik materiallarla təmin etməklə onun inkişafına, fəaliyyətində müsbətə doğru dəyişikliyin yaranmasına kömək edə bilər. Səriştəli müəllimləri müxtəlif liderlik rolları ilə gücləndirmək, hər bir halda pozitiv ab-havanı qorumaq və xüsusilə, uğurları qeyd etməklə motivasiyanı artırmaq önəmlidir

Müəllimlərlə birgə əməkdaşlıq çərçivəsində şagirdin öyrənməsinə fokuslanmaq lazımdır. Yuxarıda göstərilən mümkün situasiyalar nəzərə alınaraq metodist və müəllim arasında inam və ortaq məqsədlərə əsaslanan peşəkar münasibətlərin qurulması bu məqsədin uğurla həyata keçirilməsinə dəstək ola bilər.

 

Kazımova Cəmilə

Azərbaycan Respublikasının Təhsil İnstitutunun

Metodik dəstək və peşəkar ikişaf mərkəzi

 

Mənbələr:

 

  1. C. D. Glickman, S. P. Gordon, J. M. Ross-Gordon, The basic guide to supervision and instructional - USA - 2013;
  2. J. M. Cambell, Essentials of Supervision - Hoboken NJ: Wiley - 2006;
  3. C. D. Glickman, The Developmental Approach to Supervision - Association for supervision and curriculum development - 1980;
  4. H. R. Lapman, Improving Teacher-Supervisor Relationships - University of North Carolina Press - 1957.