18.03.2022

ARTİ mühəndislik düşərgəsi: tələbələr peşəkarlardan öyrənəcək

“22-26 mart 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə Quba rayonunda tələbələrin “Mühəndislik düşərgəsi” təşkil ediləcək. Düşərgədə ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

Niyə “Mühəndislik düşərgəsi”?

Universitetlərdə verilən təhsilin məqsədi yüksək səviyyəli tədris həyata keçirmək və tədqiqatlar aparmaqla cəmiyyətə elmi təfəkkür qabiliyyətinə və bacarıqlarına sahib fərdlər qazandırmaq, həmçinin həyata keçirilən tədqiqatlarla elmi və texnoloji inkişafa töhfə verməkdir. Aparılan təhlillər nəticəsində universitetlərin mühəndislik ixtisasları üzrə təhsil proqramlarının əsasən texniki fənlər çərçivəsində formalaşdığı müşahidə edilir. Mövcud bu sistem produktivliyin  bilikdən asılı olduğunu qəbul edir. Halbuki, bilik və məlumat zəruridir, ancaq yetərli deyildir.

Bu gün "yaxşı" hesab ediləcək bir mühəndisin inkişafa və yeniliklərə adaptasiya ola bilən, özünə güvənən, sərbəst düşünə bilən, idarəetmə, liderlik keyfiyyətlərinə və ünsiyyət bacarıqlarına malik olan, iqtisadi, sosial və hüquqi çərçivəni bir arada sistemli şəkildə düşünə bilən bir profilə sahib olması  vacibdir. Dövrün bu tələblərinə cavab vermək üçün mühəndislik ixtisası üzrə tədris alan tələbələr texniki bacarıqlar ilə yanaşı, problemi bütövlükdə dərk edə bilən və praktik həll yolu göstərən olmaya yönəlməli,  dünyagörüşünü genişləndirməli və əsas problemləri aşkarlaya bilməlidirlər.

Mühəndislik elmi-texniki sahə olmaqla yanaşı, eyni zamanda sosial bir təşəbbüsdür. Mühəndislər  birlikdə çalışdıqları insanlarla effektiv ünsiyyətdə olmalıdırlar. Mühəndislər texniki və təbiət elmləri bacarıqlarını sosial elmlərlə əlaqələndirməyi bacarmalıdırlar.  Mühəndislər müvafiq sahə üzrə problemlərini fənlər arasında əlaqə quraraq həll etmək bacarıqlarına malik olmalıdırlar.  Mühəndis öz sahəsində ilkin bilik və bacarıqlar qazanmış, müvafiq mövzularda məlumat sahibi, təhlil, sintez və dizayn etmək, ömürboyu öyrənmə vərdişinə yiyələnmiş şəxsiyyət profilinə sahib olmalıdır.  

Planlaşdırılan “Mühəndislik düşərgəsi” məhz yuxarıda sadalanan praktik səriştlərə yiyələnmək üçün tələbələr üçün gözəl imkan olacaqdır.  Düşərgə çərçivəsində tələbələrə mühəndisliklə bağlı qlobal trendlər, yeni texnologiyalar, layihələrin idarə olunması, mühəndislikdə idarəetmə, dizayn təfəkkürü, səmərəli istehsalın təşkili və planlaşdırılması, proseslərin təhlükəsizliyi, mühəndislik əsaslı  startuplar, karyera inkişafı və  digər  istiqamətlərdə təlimlər təşkil olunacaq. Proqram hazırda yerli və beynəlxalq şirkətlərdə işləyən peşəkar mühəndislər tərəfindən praktik təlimlər vasitəsilə həyata keçiriləcək.

İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin, müxtəlif idman və bilik yarışları təşkil olunacaq. Təlimlərin sonunda bütün iştirakçılara sertifikat təqdim olunacaq. Beş gün ərzində tələbələr iş dünyası təcrübələrindən bəhrələnməklə yanaşı, müxtəlif universitetlərin mühəndislik ixtisası üzrə təhsil alan tələbələr ilə informasiya mübadiləsi aparmaq və bir-birilərindən öyrənmək imkanı qazanacaqlar.

Düşərgədə iştirak etmək istəyən tələbələr 10 mart 2022-ci il tarixinədək qeydiyyatdan keçmişdir. Qeydiyyat bitdikdən sonra müsabiqənin şərtlərini ödəyən 615 nəfər tələbə riyaziyyat üzrə baza biliklərinin, eləcə də məntiqi təfəkkürünün yoxlanılması məqsədilə təşkil olunmuş test imtahanında iştirak edib. Bu imtahanda uğur qazanan tələbələr müsahibəyə dəvət olunacaq və müsahibənin nəticəsinə əsasən düşərgədə iştirak hüququ qazanacaqdır.

 

Məqaləni hazırladı: ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov