Esse ‒ düşünməyi öyrədən janr
Esse qədim və maraqlı tarixə malik janrdır. Ədəbiyyatda Monten, Kyerkeqor, Emerson, Kamyunun adı ilə bağlıdır. Janrın yaradıcısı isə Mişel de Monten hesab olunur.
Hekayə və romandan fərqi odur ki, esse ‒ həm də vacib təlim vasitəsidir.
Esse sizin dünya barədə şəxsi qənaətlərinizi əks etdirir ‒ bu qənaətlər davamlı mütaliə və ya başqalarının fikrini emal vasitəsilə əldə edilmiş olsa belə. Esse vasitəsilə siz müxtəlif mənbələrdən götürdüyünüz fakt və fikirləri əlaqələndirməyi, arqumentlər qurmağı, öz biliklərinizi daha dəqiq və sistemli etməyi öyrənirsiniz.
ABŞ və Böyük Britaniya universitetlərinin çoxunda esse əsas qiymətləndirmə və təlim vasitələrindən biri kimi istifadə edilir (xüsuslilə bu, humanitar elmlərə aiddir). Esse ‒ bir qayda olaraq, tələbənin bir kurs müddətində seçdiyi fənn üzrə işinin nəticəsidir, müəllimlər ondan məhz öyrənənlərin nailiyyətlərini qiymətləndirmək üçün istifadə edirlər.
Esse mühakimə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün əla üsuldur. Essedə sizin hər bir fikriniz müstəqil olmalıdır.
Oksford professorunun fikirləri:
“Mən öz tələbələrimə deyirəm ki, əgər onlar ayın sarı deyil, yaşıl olduğunu sübut etmək isətyirlərsə, hər şey qaydasındadır. Biz nəyin doğru olub-olmadığı haqqında mübahisə etmirik. Mən ancaq onu görməliyəm ki, onlar arqumentləri necə əlaqələndirirlər və nəticələri məntiqlidirmi. Mən iki abzas oxumaqla anlamaq istəyirəm ki, izaha keçmədən öncə onlar öz yazılarının mövzusunu necə görürlər. Bizə bütün məsələlərin öncədən qoyulması lazım deyil, əsas odur ki, müəllif mövzunu təsəvvür edə bilib və sonra yazmağa başlayıb. Beləliklə, tapşırıq bundan ibarətdir ki, ədəbi mənbələri qısaca nəzərdən keçirəsən, arqumentləşdirməni inkişaf etdirəsən və ağıllı nəticəyə gələsən.”
“Esse qiymətləndirilərkən 30% ‒ quruluşa, 30% ‒ məzmuna verilir, qalan faizlər sübutların orijinallığına və gücünə verilir. Bu, o deməkdir ki, tələbə verilmiş məsələdə yalnız nüfuzlu insanların mühakimələri ilə tanış olmamalı, həm də öz şəxsi mənbələri, müəllifləri ilə mövzunu tamamlamalıdır. Bizə tələbələrin kitabda nə yazıldığını söyləmələri lazım deyil (şübhə yox ki, onları oxumalıdırlar), orada yazılanları dərk etmələri və öz fikirlərini bildirərək problemin müzakirəsinə qoşulmaları lazımdır”.
“Biz tələbələrə başlıca həyat dərsi, mötəbər informasiyanın üzə çıxarılması, məntiqi düşüncə və aydın mühakimə üsullarını veririk”.
“Esse yazı vərdişlərini təkmilləşdirməklə tələbələr beyinlərinin intuitiv öyrənmə bacarığını inkişaf etdirirlər; orbitofrontal qabığın (icraedici beyinin) gücünü tam azad edirlər ki, beyin düşünmə və seçim etmə təyinatını həyata keçirə bilsin.”
Oleq Matfatovun məqaləsi əsasında.
Tərcümə etdi: Fərqanə Seyidli
Hazırladı: TİPİM-in əməkdaşı Könül Nəhmətova