Xarakter tipləri: introvert, ekstravert və ambivert (sentrovert)
Qərb psixoloqu Karl Yunqun “Psixoloji tiplər” kitabında ekstravertlərdən (“xaricə” meyilli) və introvertlərdən (“daxilə” meyilli) danışılır. Müəllifin fikrincə, ətraf aləmə uyğunlaşmağın 2 variantı var. Onlardan biri ekspansiyadır - daim ünsiyyətdə olmaq; əlaqələri, iş münasibətlərini genişləndirmək, həyatın bəxş etdiyi hər bir şeyi qəbul etmək. Ekstravert tipə aid olanlar başqa insanlarla ünsiyyətdən və yeni təəssüratlardan enerji alırlar. Onlar diqqət mərkəzində olmağı xoşlayır, ictimai çıxışlara can atır, çoxlu insanların iştirak etdiyi şənlik və mərasimlərdə özünü çox rahat hiss edirler. Ekstravert insanlar optimist olur, lətifə danışmağı və dinləməyi sevir, çox vaxt şən olurlar. Ekstravert tipə daha çox xolerik və sanqvinik temperament tipləri aiddir.
İntrovertlər isə əksinə, əlaqələrini məhdudlaşdırırlar, özlərinə qapanırlar, sanki tısbağa kimi qınında gizlənirlər. İntrovertlərin enerjili olması üçün sakitliyə, təkliyə ehtiyacı var, onlar rahat yaşamağa, tənha qalmağa üstünlük verirlər. İntrovert daxili fikir və həyəcanlarına qapılır, yaradıcılıqla məşğul olur və ya hansısa prosesi müşahidə edir. İntrovertlər yaxşı alim, ixtiraçı, yazıçı və ya sahibkar ola bilərlər. Ekstravertə yaxşı işləmək üçün başqa insanların iştirakı vacibdirsə, introvert tək daha rahat işləyəcək. Onlar utancaq və qapalı olur, real ünsiyyətdənsə, kitab oxumağa üstünlük verirlər. İntrovertlər yad insanlarla ünsiyyətə meyilli deyillər. İntrovertlər qərar qəbuluna həmişə ciddi yanaşır, öz hərəkətlərinə, davranışına nəzarət edirlər. Nadir hallarda münaqişəyə girir və başqalarına qarşı aqressiv davranırlar. Hər şeydə qayda xoşlayırlar. Bu tipə fleqmatik və melanxolik temperament tiplərini aid etmək olar.
Psixoloq Adam Qrant digər şəxsiyyət tipi - ambivertlər haqqında yazır. Ambivertlər hadisələrdən, vəziyyətdən asılı olaraq dəyişə bilirlər. Tənhalığa qapılıb kitab oxumağı sevsələr də, ictimai çıxışlardan, insanlar arasında məntiqli söhbətdən qaçmırlar. Hesab olunur ki, ambivert tip ekstravert və introvert tipin bir növ arasında yerləşir və “qızıl orta” hesab oluna bilər. İntrovertlər həyat fəaliyyətlərini daxili aləminə istinad edərək, ekstravertlər xarici amillərin təsiri altında yaşayırlarsa, ambivertlərdə harmoniya qorunur. Həm daxili, həm də xarici amillərin təsiri altında fəaliyyətlərini istiqamətləndirirlər. Onlar üçün qurduğu sosial əlaqələrin çoxluğu deyil, möhkəmliyi əsasdır. Bu da onların ən güclü tərəfidir. Ümumiyyətlə, müasir həyatda daha çox bu tip insanlar dəyişkən, hər kəsə uyğunlaşan xasiyyətinə görə uğurlu olurlar. Hərdən ambivertləri sentrovert də adlandırırlar. Qeyd edək ki, insanların əksəriyyəti bu tipə aid edilir.
Sinfinizdəki şagirdlər də introvert, ekstravert və sentrovertlərdən ibarətdir. Bizim adət etdiyimiz təlim ənənəsinə ən rahat uyğunlaşanlar, əlbəttə ki, sentrovertlərdir: həm dinləməyi, həm də əməkdaşlıq etməyi, işləməyi bacarırlar, fikirlərini rahat bölüşürlər. Ekstravertlər daha səs-küylü, çox danışan, qrup işlərində fəal, ictimai təqdimatlardan zövq alan şagirdlərdir. İntrovertlər isə bütün fərdi tapşırıqlarınızı can-başla yerinə yetirən, amma əməkdaşlıqdan, şeir söyləmək, tamaşada iştirak etməkdən çəkinənlərdir. Şagirdlərin xarakter tiplərini bilmək sizə onlarla işləmək üçün daha səmərəli üsullar seçməkdə kömək edəcək.
Xarakter tiplərini təyin etmək üçün test nümunələri
K.Yunqa görə xarakter tipinin təyin olunma metodikası
Verilən suallara cavab verin (a və ya b cavab variantını seçin)
1. Siz nəyə üstünlük verirsiniz?
a) bir neçə yaxın dosta;
b) geniş yoldaş kampaniyasına.
2. Hansı kitabları oxumağa üstünlük verirsiniz?
a) maraqlı süjet xətti olan;
b) başqasının həyəcanlarını açan.
3. İşdə nəyə yol verə bilərsiniz?
a) gecikməyə;
b) səhvlərə.
4. Siz yanlış hərəkət etdikdə:
a) son dərəcədə narahat olursunuz;
b) narahatlığınız yoxdur.
5. Siz insanlarla necə ünsiyyət qurursunuz?
a) tez, asan;
b) yavaş, ehtiyatlı.
6. Siz özünüzü küsəyən hesab edirsiniz?
a) bəli;
b) xeyr.
7. Siz ürəkdən gülməyə meyillisiniz?
a) hə;
b) yox.
8. Siz özünüzü ... hesab edirsinizmi?
a) qaradinməz;
b) söhbətcil.
9. Siz səmimisiniz, yoxsa fikir və duyğularınızı gizli saxlayansınız?
a) səmimiyəm;
b) fikir və duyğularımı gizli saxlayanam
10. Siz öz hərəkətlərinizi təhlil etməyi xoşlayırsınız?
a) bəli;
b) xeyr.
11. Cəmiyyət içində olarkən, siz nəyə üstünlük verirsiniz?
a) danışmağa;
b) dinləməyə.
12. Siz tez-tez özünüzdən narazı olursunuz?
a) bəli;
b) xeyr.
13. Siz təşkilatçılığı xoşlayırsınız?
a) bəli;
b) xeyr.
14. Siz şəxsi həyatınızla bağlı gündəlik yazmaq istərdinizmi?
a) bəli;
b) xeyr.
15. Siz qərar qəbul edəndən sonra onun icrasına tezmi keçirsiniz?
a) bəli;
b) xeyr.
16. Sizin əhvalınız tez dəyişir?
a) bəli;
b) xeyr.
17. Siz başqalarını inandırmağı, öz fikirlərinizi qəbul etdirməyi xoşlayırsınız?
a) bəli;
b) xeyr
18. Sizin hərəkətləriniz:
a) cəlddir;
b) astadır.
19. Siz mümkün ola biləcək xoşagəlməz hadisələrdən narahat olursunuz?
a) tez-tez;
b) nadir hallarda
20. Siz çətin hallarda:
a) kömək üçün müraciət etməyə tələsirsiniz
b) müraciət etmirsiniz
“Xarakter tipləri” metodikasının açarı
Aşağıdakı variantların cavabları sizin ekstraversiyanız haqqındadır: 1b; 2a; 3b; 4b; 5a; 6b; 7a; 8b; 9a; 10b; 11a; 12b; 13a; 14b; 15a; 16a; 17a; 18a; 19b; 20a (Buradakı cavablarla sizin cavablarınızın neçəsinin uyğun olduğunu sayın).
Uyğun cavabların sayı hesablanır və 5-ə vurulur:
0-35 bal – introversiya;
36-65 bal – ambiversiya;
66-100 bal – ekstraversiya.
Mənbə:
1. Карл Густав Юнг. Психологические типы. Цюрих, 1929.
2. https://psymod.ru/tipy-lyudey/2343-ambivert-kto-eto-harakteristika.html
Hazırladı: TİPİM-in əməkdaşı Aynur Rəhimova