07.05.2021

Şagird nailiyyətinin artırılmasında effektiv əks-əlaqənin (rəy vermənin) rolu

Uşaq tərbiyəsində əks-əlaqə

Müasir psixologiyada uşaq tərbiyəsində rəğbətləndirmə (mükafatlandırma) və cəzalandırmadan istifadənin mənfi hallarla nəticələndiyi, bunun əvəzinə, uşaq tərbiyəsində əks-əlaqədən istifadə etməyin daha səmərəli olduğu qeyd olunur. Çünki uşaq tərbiyəsində cəzalandırma və yersiz mükafatlandırmadan istifadə edildikdə uşaq yanlış davranışdan cəzalandırılacaq deyə imtina edir, müsbət davranışı isə mükafat alacaq deyə icra edir. Yəni davranış və onun nəticələri analiz edilmir, bununla da davranışın niyə yaxşı və ya pis olduğu uşaq tərəfindən dərk edilmir. Yanlış və ya icra edilməyən davranışa görə cəza vermək uşaqlarda mənfi emosiyalar yaradır, onların yaddaşında mənfi psixoloji “izlər” qoyur, bəzi cəzalar isə uşaq şəxsiyyətinin alçaldılması ilə nəticələnir. Məsələn, ev tapşırıqlarını icra etmədikdə cəza alan uşaq, ev tapşırığını icra etsə belə bu prosesi sevməməyə başlayır, çünki prosesə qarşı neqativ münasibət formalaşır. Uşağa müsbət davranış və ya fəaliyyətə görə davamlı mükafat vermək onları gördükləri işin doğru olduğuna deyil, gəlirli olduğuna inandırır. Məsələn, “ev tapşırıqlarını icra etsən sənə şirniyyat almağa və ya uşaqlarla oynamağa icazə verəcəm”. Bu halda uşaq ev tapşırığını icra etsə belə yalnız mükafata görə edir. Diqqət öyrənmə prosesinə deyil, mükafata görə icra etməyə yönəlir. Bu da öyrənmə imkanlarını məhdudlaşdırır. Əgər müsbət davranışa görə mükafat vermək istəyirsinizsə, 2 qaydaya diqqət edin: bunu əvvəlcədən şərt olaraq irəli sürməyin və davamlı etməyin.

Psixoloqlara görə, tərbiyə prosesində əks-əlaqədən istifadə etmək uşaqların fəaliyyət və ya davranışı düzgün dəyərləndirmələrinə və onların doğru yola istiqamətləndirilmələrinə kömək edir. Bu hal proseslərlə bağlı şüurluluğu artırır.

Bəs əks-əlaqə nədir? Bir davranışın nəticəsi haqqında ətrafdakı insanlardan əldə edilən məlumata əks-əlaqə adı verilir. Bu məlumatı yəni, əks-əlaqəni bəzən uşaq özü əldə edir, davranışının nəticəsini özü dəyərləndirir. Məsələn, öz otağını səliqəyə saldıqda bu halın ona rahatlıq yaratdığının fərqinə vara bilər. Özünün əldə etdiyi əks-əlaqə uşağın daha müstəqil və özünə inamlı olmasına şərait yaradır.

Bəzən də uşağa əks-əlaqəni ətrafdakı insanlar verir. Uşaq otağını səliqəyə saldıqda ona yalnız “Afərin” desəniz, bu mükafata əsaslanan əks-əlaqə olacaqdır. Əgər bu uşaqla otağını səliqəyə salmaq davranışının nə işə yaradığı haqqında danışsanız, məsələn, “artıq axtardığın kitabı daha rahat tapa bilirsən, buna görə də səhərlər çantanı daha tez hazırlayırsan və dərsə gecikmirsən” desəniz ona əks-əlaqə vermiş olacaqsınız. Verilən bu əks-əlaqənin içərisində həm mükafat, həm də davranışın analizi var. Lakin hər mükafatda onun niyə qazanıldığı haqqında məlumat və ya əks-əlaqə olmaya bilər. Unutmayın, mükafat cəzadan, əks-əlaqə mükafatdan üstündür.

Əks-əlaqə konstruktiv və destruktiv ola bilər. Destruktiv əks-əlaqə vermək fəaliyyət və ya davranışla bağlı səhvlərin və onun mənfi nəticələrinin vurğulanmasını ehtiva edir. Yəni, biz uşağa onun yalnız zəif cəhətləri, icra edilməyən, yanlış və ya səhv icra edilən fəaliyyətin doğurduğu mənfi nəticələr haqqında məlumat versək bu destruktiv əks-əlaqə olacaq. Məsələn, “Sən dərslərivi oxumasan universitetə daxil ola bilməyib uzaq başı fəhlə işləyəcəksən”. Destruktiv əks-əlaqənin nəticələri cəzalandırma ilə oxşar olur. Yəni uşaq fəaliyyət və ya davranışla bağlı mənfi hisslər keçirir.

Konstruktiv (dəstəkləyici) əks-əlaqə zamanı isə uşağa əvvəlcə güclü və ya müsbət cəhətləri və onun nəticələri haqqında məlumat verilir. Daha sonra zəif cəhətləri və ya yanlış icra olunan fəaliyyət və onun aradan qaldırılması yolları (və ya nəticəsi) haqqında məlumat verilir. Məsələn, “Sənin xarici dil biliyin yaxşıdır, əgər digər fənlərdən də daha çox çalışsan universitetə daxil olacaqsanki, daha sonra da istədiyin kimi xarici ölkədə yaşaya biləcəksən”.

Təlim prosesində əks-əlaqə

Mütəxəssislər qeyd edirlər ki, uşaq tərbiyəsində effektiv olan əks-əlaqə yanaşması təlim zamanı da müsbət nəticələr verir. Xüsusilə də, tapşırıqların icrası ilə bağlı əks-əlaqə vermək effektivdir. Tədqiqatlar göstərir ki, müəllimin şagirdlərə tapşırıqlarla bağlı əks-əlaqə verməsi onların təlim nailiyyətlərini və motivasiyalarını artırır.

Müəllimlər şagirdlərə tapşırıq və ya onların davranışları ilə bağlı daha çox birbaşa şagird şəxsiyyətinə və ya şagirdlərin bir-biri ilə müqayisəsinə əsaslanan rəy verirlər. Bu, eqo-yönümlü rəy adlanır. Bu zaman tapşırıq və ya davranışla bağlı əlavə izah verilmir. Məsələn:

  • “Afərin sənə!”
  • “Sinifdə bunu hamıdan yaxşı sən bacarırsan”.
  • “Sən Riyaziyyat fənnindən zəifsən”.

Eqo-yönümlü rəy zamanı biz şagirdləri bir-biri ilə müqayisə edirik ki, bu da onlar arasında rəqabət mühiti formalaşdırır. Bu zaman şagird başqalarından daha yaxşı olmaq üçün çalışır. Eqo-yönümlü rəy "Mən başqalarından daha yaxşıyam" və ya "faydasızam" fikrini formalaşdıra bilər. Buna görə bu tipli rəylər sinifdə mənfi reaksiyalara səbəb olur. Müntəzəm olaraq təriflənən şagirdlər tapşırıqla əlaqəli fəaliyyət göstərmək üçün motivasiya üçün “eqo”nu artırıcı xüsusiyyətlərə diqqət yetirirlər ki, bu da, onların öyrənməyə davam etmə potensiallarına zərər verə bilər.

Dəstəkləyici əks-əlaqə diqqəti işin yaxşılaşdırılmasına yönəldir. Davamlı olaraq mənfi rəy alan şagirdlər, artıq fəaliyyətdəki iştiraklarını uyğun hesab edə bilmədikləri üçün dərsə marağı itirirlər. Həmçinin onlarda “öyrənilmiş çarəsizlik” sindromu yaranmağa başlayır. Yəni, “uğurlu olmaq üçün əlimdən gələni etdim, lakin bu məndə alınmır” düşüncəsi formalaşır.

Eqo-yönümlü rəyin əvəzinə şagirdlərə tapşırıqla bağlı dəstəkləyici əks-əlaqə verdikdə şagird tapşırığı daha səmərəli necə icra edə biləcəyini öyrənir. Tapşırıqla bağlı əks-əlaqənin verilməsi aşağıdakı kimi ola bilər:

  • Afərin! Bu tapşırığı doğru icra etmisən, bu göstərir ki, sən mövzunu düzgün qavramısan və növbəti mövzuları qavramaq sənin üçün daha asan olacaq. (Məsələn, vurma cədvəlini yaxşı öyrənmisən, bu da sənə tənlikləri düzgün yerinə yetirməyə kömək edəcək)
  • Essenin məzmun və strukturu yaxşıdır. Yalnız qrammatik qaydalarla bağlı səhvlər var. Düşünürəm ki, qaydaları təkrar etsən daha yaxşı nəticə əldə edəcəksən.

Şagirdin mövcud nailiyyət səviyyəsi və şagirdə uyğun hədəfi müqayisə etdikdə görəcəyik ki, onlar arasında “boşluq” və ya çatışmazlıq var. Gəlin belə bir nümunəyə baxaq: Müəyyən bir qiymətləndirmədə 75 bal toplamağa can atan, lakin 50 bal toplamış bir şagirdə 75 bal almaq üçün hansı cəhətləri inkişaf etdirmək və ya hansı addımları atmaq lazım olduğunu deyiriksə, bu əks-əlaqə verməkdir.

Bu mexanizmdən çıxış edərək əks-əlaqəyə belə tərif verilir: "Əks-əlaqə, real nailiyyət səviyyəsi, bu səviyyədən hədəf səviyyəyə çatmaq üçün onlar arasında olan çatışmazlıq və onun necə dəyişdirilməsi haqqında məlumatdır." Əgər biz şagirdə yalnız bu çatışmazlıq haqqında məlumat veririksə, necə aradan qaldırmaq yolunu demiriksə, bu destruktiv əks-əlaqə olacaqdır. Məsələn, “xəritə üzərində dağların yerləşdiyi yeri göstərə bilmirsən”, “bu sözdən birinci abzasda istifadə etmək uyğun deyil”, “mətnin məzmununa diqqət etsən daha yaxşı olar” və s..

Aparılan tədqiqatlar tapşırıqla bağlı əks-əlaqənin qiymət verməkdən daha səmərəli olduğunu sübut edir. Məsələn, Ruth Butler İsraildə 4 məktəbdən olan 12 sinif üzrə 48 nəfər 11-12 yaşlı şagirdlərlə tədqiqat aparmışdır. Tədqiqat zamanı bu şagirdlərə 2 mərhələ üzrə, 2 oxşar (hər mərhələdə 1)  tapşırıq verilir. Birinci mərhələdə, tapşırıq icra olunduqdan sonra şagirdlərə 3 formada yazılı rəy verilir.  

- eksperimentin əvvəlində hər bir sinifə izah edilmiş qiymətləndirmə meyarları ilə işlərinin uyğunluq dərəcəsinə dair fərdi rəylər;

- tapşırığın icrasına əsaslanan qiymətlər;

- həm qiymətlər, həm də rəylər.

Daha sonra şagirdlərə oxşar başqa tapşırıq verilir və nəticələr müqayisə edilir. Nəticələrə əsasən, tapşırıqla bağlı əks-əlaqə verilən şagirdlərin balları ortalama 30% yüksəlir və hamısının 2-ci tapşırığı işləməyə marağı artır. Yalnız qiymət verilən şagirdlərdə ümumi irəliləyiş müşahidə edilmir və yüksək bal toplayanların marağı artır, aşağı bal toplayanların işə marağı azalır. Bəlkə də ən təəccüblüsü odur ki, həm qiymət verilmiş, həm də rəy verilmiş şagirdlər yalnız qiymət verilmiş şagirdlərə müvafiq nəticə göstərdilər – ballarda ümumilikdə irəliləyiş olmadı və maraqlar ballarla müvafiq idi. Tədqiqat göstərdi ki, həm qiymət verilən, həm də rəy verilmiş şagirdlərin rəylərə məhəl qoymurlar və yalnız qiymətlərini həmyaşıdlarının qiymətləri ilə müqayisə edirlər.

Bu və oxşar tədqiqatlar göstərir ki, qiymət vermək öyrənmə nailiyyətinə heç bir müsbət təsir göstərmir. Şagirdləri qiymət vermək və ya onları bir-biri ilə müqayisə etmək əvəzinə əks-əlaqə vermək şagirdi tapşırığın daha səmərəli icrasına yönləndirir ki, bu həm şagird nailiyyətini artırır, həm də daha sağlam şəxsiyyət formalaşdırmağa kömək edir.

Dəstəkləyici əks-əlaqə şagirdlərin öyrənməsi üçün ən güclü təsirlərdən biridir. Hattiyə görə, şagird üç suala cavab verməlidir. Birinci sual, “Mənim hədəfim nədir?”. Öyrənmə hədəfinin aydın olmasını və şagirdin hədəfə çatdıqda nələrə nail olacağını bilməsini tələb edir. İkinci sual, “Mən hardayam?”. Şagirdin mövcud göstəricilərini aydınlaşdırır. Üçüncü sual, “Növbəti addımlar nələrdir?”. Məqsədə çatmaq üçün şagirdin nə etməli olduğunu təsvir edir.

Effektiv əks-əlaqə vaxtında verilir və şagirdlərin rəy nəticəsində düzəlişlər etmək şansı olur. Əgər tapşırığa yenidən baxılmasa və ya rəy gec verilsə adətən şagirdlər üçün bu rəylər faydasız olur.

Bununla yanaşı, şagirdlərə rəy verərkən “daha çox işləmək və ya daha çox oxumaq lazımdır” tipli cümlələr qurmaq effektiv deyil. Əks-əlaqə görüləcək işlə bağlı istiqamət verməlidir. Nəhayət, rəy elə tərtib olunmalıdır ki, bütün şagirdlər bacarıqların, hətta riyaziyyatda da artan olduğuna inansınlar.

Müəllim tapşırığı qiymətləndirərkən nələrə və niyə diqqət edəcəyini əvvəlcədən şagirdlərə bildirməlidir. Şagirdlər özünüqiymətləndirmə zamanı və ya həmyaşıdını qiymətləndirərkən də bunu etməlidirlər (“Hansı meyara əsasən qiymətləndirirəm və bu meyar bizə niyə lazımdır”). Belə olduqda, mövcud nailiyyət səviyyəsini digər şagirdlərlə müqayisə etmək əvəzinə, hədəflərinə doğru irəlilədiklərini izləyə və tənzimləyə bilirlər.

Aşağıda Riyaziyyat fənninə aid şagirdin icra etdiyi tapşırığa əsasən 2 cür qiymətləndirmə öz əksini tapmışdır. Birinci şəkil ənənəvi təhsildə qiymətləndirməni, ikincisi isə qiymətləndirmədə əks-əlaqəni ifadə edir.

Əks-əlaqə yazılı və ya şifahi formada verilə bilər.

Dəstəkləyici əks-əlaqə vermək üçün əvvəlcə, şagirdə tapşırığı icrası ilə bağlı müsbət cəhətləri qeyd edin, daha sonra səhvləri və ya çatışmayan cəhətləri deyin və şagirdi daha səmərəli iş üçün istiqamətləndirin.

Davamlı olaraq tapşırıq və fəaliyyətlərlə bağlı dəstəkləyici əks-əlaqə alan şagirdlər:

  • Onlara verilmiş qiymətlərin nəyə əsaslandığını bilirlər.
  • Növbəti tapşırıq və ya fəaliyyətləri necə daha səmərəli icra edəcəklərini bilirlər.
  • Təlim nailiyyətlərini artırmağın yolunu dərk edirlər.
  • Güclü və zəif tərəflərini müəyyənləşdirirlər.
  • Özünü və başqalarını düzgün qiymətləndirmə bacarıqları inkişaf edir.
  • Ömür boyu öyrənənlərdən olurlar.
  • Öz bilik və bacarıqlarını başqaları ilə deyil, yalnız özlərinin əvvəlki göstəriciləri ilə müqayisə edirlər.

Mənbə: https://www.fluentu.com/blog/educator/language-teaching-techniques/

Hazırladı: TİPİM-in əməkdaşı Aynur Rəhimova