Yeni siniflərdə dərsə psixoloji hazırlıq
Mənasını bilənlər üçün sinfin qapısını açmaq, fəth olunmalı bir qalanın qapısını açmaq kimidir. Çünki sinfin içərisində də fəth edilməli onlarla “könül qalası” var. O “könül qalalarını” fəth etməsəniz, oradakı zehinlər sizi qəbul etməsə, “çiçəklə” qarşılanmazsınız. Üfüqü göstərib “Hazır olun, gedirik” deyəndə heç kəs ardınızca gəlməz. Sevgi qazanmadan dediklərinizin heç bir dəyəri olmaz. Başlanğıc nöqtəsi buradır. Lakin sinfin qapısını açmazdan əvvəl diqqət etməli olduğunuz vacib məqamlar var.
1. İlk təəssüratın gücü
İnsanlarla ilk qarşılaşdığımız anda onlarda yaratdığımız təsir ilk təəssüratdır. İlk dəfə səhnəyə çıxmaq və ya ilk görüşdə sevgi kimi... İlk təəssürat pozitiv və ya neqativ ola bilər. Qədim dövrlərdə insan ona yad olan bir canlı ilə qarşılaşdıqda ağlına ilk bu sual gəlirmiş: bu məni yeyə bilər, yaxud mən onu yeyə bilərəmmi? Təbii ki, bu, qədim dövrdə idi, bu cür neqativ fikirləri beyninizdən atın və şagirdlərin baxışlarını bura yozmayın. Harvard Biznes Məktəbinin sosial psixoloqları Amy Cuddy, Susan Fiske və Peter Qlik ilk təəssüratla bağlı tədqiqatlar aparıblar və bu nəticəyə gəliblər ki, ilk qarşılaşmada adamın ağlında 2 sual olur:
1. Bu şəxsə inana bilərəm?
2. Bu şəxsə hörmət edə bilərəm?
Bunlar müəllim və şagird münasibətləri üçün nə qədər vacib suallardır, elə deyilmi? Şagirdlərin sizinlə bağlı ilk təəssüratlarının pozitiv olması üçün 2 əsas məqama diqqət etməlisiniz: istiqanlı olmaq və yetkin şəxs kimi davranmaq. Şagirdlərinizin sizə etibar etməyi “istiqanlılıq” anlayışı ilə əlaqəlidir və bu da ilk görüşdə doğru davranış üsulu ilə yarana bilər. Şagirdlərinizin sizə hörmət etməyi isə “yetkinlik” anlayışı ilə əlaqəlidir. İnsanlar hörmət edəcəkləri şəxslərdə peşəkar yetkinlik axtarırlar.
Bunun qədər vacib bir həqiqət də var ki, o da ilk təəssüratın asanlıqla dəyişməməyidir. Demək olar ki, bütün mənbələr ilk təəssüratın 30 saniyədən 90 saniyəyə qədər formalaşdığını qeyd edirlər. Çox az mənbələrdə isə bu müddətin 4 dəqiqəyə qədər olduğu bildirilir. Yəni siz “Sabahınız xeyir, uşaqlar” və ya “Qızım, sən haralısan?” deyənə qədər şagirdləriniz sizin haqqınızda müəyyən bir nəticəyə gəlmiş olacaqlar. İlk təəssürata təsir edən bir çox amillər var: geyim, seçdiyimiz rənglər, olduğumuz mühit, səs tonu və s. Dərsə girəcəyiniz sinfin quruluşu, məktəbin olduğu sosial mühit, uşaqların yaşları kimi amilləri nəzərə alaraq ilk təəssüratı bir fürsət olaraq dəyərləndirə bilərsiniz.
Böyük an gəldi və biz sinifə daxil oluruq. Azərbaycanda siniflərin spesifik standartı yoxdur. Elit və özəl məktəblərdə ideal sayda şagirdin olduğu bir sinifə də girə bilərsiniz, dövlət məktəbində şagird sayı çox olan sinfə də. Yaxud da bir kənd və ya qəsəbə məktəbində fərqli səviyyələrin birlikdə olduğu komplektləşdirilmiş sinifə də. Bütün bunlar bilik və bacarıqlarınızın nə qədər işə yaradığını görmək üçün vacib sınaq mühitləridir.
Sinifə daxil olduğunuz anda dərsə başlamaq doğru davranış deyil. Çünki uşaqlar psixoloji olaraq çox vaxt dərsə hazır olmurlar. Bir həkimin səhər növbəsində xəstənin vəziyyətini yoxladığı kimi sinfin vəziyyətinə baxıb, lazım olarsa, sinfi siz dərsə hazır eləməlisiniz. Ola bilər ki, uşaqların şəxsi narahatlıqları var, sinfin ortaq problemi var və ya bundan əvvəlki dərsdə gərgin situasiya yaşanıb.
Müəllimin sinif daxilindəki fəaliyyətini 2 əsas başlıqda verə bilərik. Birincisi, şagirdlərə tədris planına uyğun olaraq ötürülən biliklər “biliyin ötürülməsi” fəaliyyətini əhatə edir. İkincisi, bu bilikləri ötürərkən sinfin diqqətini çəkmək, diqqətin davamlılığını qorumaq və şagirdləri dərsə cəlb etmək üçün istifadə etdiyi üsul və davranışlar isə “dərsin gedişatını tənzimləmək” hissəsini formalaşdırır. Xüsusilə dərsin gedişatını tənzimləmək üçün bədən dilinə diqqət etmək lazımdır. Məsələn, bir tərəfdən mövzu ilə bağlı məlumat verərkən, digər tərəfdən sadəcə baxışınızla belə dərsdən yayınan şagirdi dərsə cəlb edə bilərsiniz.
2. Buzları əritmək
Yumor hissiniz varsa, bu o deməkdir ki, vacib bir xüsusiyyətə sahibsiniz. Münasibətin başlanğıcında “buzları əritməyin” ən gözəl yolu yerində edilmiş zarafatdır. Yumor hissiniz yoxdursa, sinifdəki yumoru idarə edə və uşaqlarla birlikdə gülə biərsiniz. Bu, çox incə bir məqamdır. Uşaqları incidəcək, onlarla münaqişə yaradacaq zarafatlar etməyin.
Gitara çalmaq bacarığınız varsa, dərsə musiqi ilə başlaya bilərsiniz. Səs bacarığı olan bir müəllim riyaziyyat dərsində mövzunun izahı zamanı gərginlik artan vaxt səsini dəyişib gülməli formaya salaraq bir neçə dəqiqə dərs izah edə və “Birdən səsim belə olsaydı?” deyərək şagirdləri güldürə bilər. Bəzən isə qabiliyyəti olan uşaqlar sizin yerinizə “buzları əridə” bilərlər. Buna yerində icazə verib, birlikdə gülməliyik.
3. Müəllim sinifdə harada və necə dayansa daha səmərəli olar?
Müəllimin dərs izah edərkən şagirdlərlə arasındakı ideal məsafə 120 sm-dən az olmamalıdır. Lakin bu məsafəni həmişə tapmaya bilərsiniz. Burada çətin tərəf odur ki, dar məkanlarda insanlar gərginləşdiklərindən daha çox mübahisə edən və çətin idarə olunan olurlar. Dar məkan inad və müdafiə hisslərini aktivləşdirir. Əgər sinif mühiti uyğundursa və məktəb rəhbərliyini razı sala bilərsinizsə, məkanı genişləndirərək şagirdləri rahatlaşdıra bilərsiniz. Məsələn, sinfi “U” düzülüşündə qura bilərsiniz. Bu həm açıq sahə yaranmasına kömək edəcək, həm də lazımsız söhbətlərin qarşısını alacaqdır.
Şagirdlərə sual verəndə cavabı üçün onlara çox yaxın dayanmaq onları narahat edir. Heidemannın sinif daxilindəki bədən dili ilə bağlı apardığı tədqiqatın nəticələrinə görə, verilən suala cavab gözləyərkən şagird ilə aranızdakı məsafə ən az 40 sm olmalıdır.
Dərs izah edərkən harda və necə dayanmalısınız? İkinci sual: Dərsin izahı zamanı lövhədən istifadə edirsinizmi? Çünki bəzi dərslərdə lövhədən çox istifadə etdiyiniz halda, bəzilərində lövhəyə ehtiyac olmur. Şagirdi dərs danışmaq və ya təqdimat üçün lövhəyə çıxardığınızda çox sağda və solda və ya arxası lövhəyə dəyəcək qədər geridə dayanırsa, deməli, yanlış yerdə dayanmısınız.
Lövhədən istifadə etmirsinizsə, yuxarıdakı şəkildə olduğu kimi, uşaqlarla aranızdakı məsafəni qoruyaraq sinfin ortasında və ya lövhədən biraz uzaq olmalısınız. Sabit və möhkəm yerdə dayanmaq sizə güc verəcək. Hərəkət edərkən yavaş yeriyin, çünki sürətli və cəld hərəkət dinləyənləri narahat edir. Tədqiqatlara görə, lövhənin qarşısındakı boşluqda dayanaraq mövzunu izah etmək, ayaq üstə olmaq, hərdən sinif daxilində hərəkət etmək şagirdlər tərəfindən bəyənilən davranışlara aiddir.
Fərqində olmadan lövhəyə dəyəcək qədər yaxınlaşmış ola bilərsiniz. Bir anlıq ola bilər, amma davamlı belə dayanmaq sizi gücsüzləşdirər. Divara və ya lövhəyə söykənmək şagirdlər tərfindən müsbət qavranılmır. Sinfə arxanızı dönərək dərs keçməyiniz isə səs baxımından narahatedicidir və sinfin üzərindəki nəzarətinizi zəiflədir.
Üzünüzü tamamilə lövhəyə tərəf döndərməkdənsə, yarım dönərək lövhə və şagirdlər arasında körpü olmaq idealdır.
Azərbaycan dili soldan sağa yazılan dil olduğu üçün solaxaylar sağ əlindən istifadə edənlərə görə daha dezavantajlıdırlar. İstəsəniz, yoxlaya bilərsiniz.
Oturaraq dərsi izah etmək, özünüzü yorğun hiss etmirsinizsə, tövsiyə olunmur. Siz oturanda zehinlər də “oturur”. Stolun arxasında oturmaq sizinlə şagirdlər rasında baryer yaradacağından müsbət hissləri ötürməkdə çətinlik çəkə bilərsiniz.
Dərsin izahı zamanı bəzən əlinizdə kitab və ya qeyd dəftəri ola bilər. Bu vasitə əsla üzünüzü örtəcək qədər yuxarıda olmamalıdır.
4. Sinfin idarə edilməsi
Şagird dərsdənkənar nə isə oxuyarkən və ya ona baxarkən əlindəkini çəkib almağınız kompensasiyası çətin olan şəxsi sahənin pozulmasıdır. Bəs icazə verək oxusun? Xeyr. “Sadəcə maraqlı olduğu üçün soruşuram. Səni dərsdən yayındıracaq qədər maraqlı olan nədir?” kimi suallar verərək problemi dialoqla həll edə bilərsiniz.
Sinfi aşağıdakı kvadrat kimi təsəvvür etsək, bu kvadrata paxlava dilimi qoyduqda boşluqda qalan A, B, C və D nöqtələrində oturan şagirdlərdə dərsdən yayınma digərlərinə görə daha tez-tez baş verir. Xüsusilə bu yerlər pəncərənin qarşısıdırsa, buradakı şagirdlərə xüsusi diqqət etməyiniz tələb olunur.
Gəldiyiniz sinifdə və sinif rəhbəri olduğunuz siniflərin təmiz və səliqəli olmasına diqqət edin. Bu, şagirdlərinizin davranışına müsbət təsir edəcək. “Qırıq pəncərə” nəzəriyyəsinə görə, əgər evin pəncərəsinin şüşəsi qırılıbsa və yenisi salınmayıbsa, onda çox yaxında bir dənə də salamat pəncərə qalmayacaq. Bir pəncərənin şüşəsini qırmaq digərlərinin də qırılmasına səbəb olur. Başqa sözlə, intizamsızlıq, itaətsizlik və qəbul edilmiş davranış qaydalarına riayət etməmək digər insanları da bu qaydaları pozmağa həvəsləndirir. Nəticədə, o məhəllə qısa bir zaman içində dərəbəyliyə çevrilir. İkisi də kriminalist olan C.Uilson və C.Kellinq hər cinayətin səbəbini qayda-qanunun, nizam-intizamın olmamasında görürlər. Əgər qırıq pəncərənin şüşəsi tezliklə salınmasa, cəzasızlıq sürətlə yayılaraq, qarət, talan, soyğun kimi daha ciddi kriminal hadisələrlə əvəz olunacaq. Bəlkə də sinfinizdəki davranış pozuntusu sinifdəki və ya məktəbdəki intizamsızlığın nəticəsidir.
5. Müəllimin geyimi
Təsirli səs tonu və nitqiniz olsa d, görünüşünüz bunu təsirsiz edə bilər. Buna görə də müəllimin geyimi son dərəcə vacib mövzudur.
Məktəb mühitində geyim rəsmi üslubda olmalıdır. Bəzən bunun səbəbi “varlı-kasıb” məsələsi ilə əlaqələndirilir. Halbuki bu səbəbin elmi əsası yoxdur. Bəs niyə rəsmi üslub?
Eyni xüsusiyyətlərə malik insanları iki qrupa ayırıb, birinci qrupa eynək və rəsmi geyimlər, ikinci qrupa isə məhbus geyimləri geyindirərək təcrid olunmuş mühitdə onların davranış, münasibət və ən əsası şəxsiyyət xüsusiyyətlərində dəyişiklik edə bilərikmi? Cavab, “bəli”dir. İş mühitində rəsmi və ya sərbəst geyim üslubuna bu baxımdan yanaşmaq lazımdır. Nəzarət etmək və salahiyyətlərə ehtiyacınız varsa, təlim, təhsil işinə ciddi yanaşmaq lazımdırsa və ilk dəfə bir sinfə girirsinizsə, rəsmi geyim bunun üçün uyğun geyim üslubu olacaqdır.
Rənglərə gəldikə isə, yadınızda saxlayın: Rənglər həyatın özüdür. Təsəvvür edin ki, dünyada ağ və qara rəngdən başqa rənglər yoxdur. Hər şey mənasını itirər, bərabərləşər və sanki ölər. Onda rənglərin həyat olduğunu, həyat eşqini artırdığını başa düşəcəksiniz.
Geyim üçün seçəcəyiniz rənglərə 3 istiqamətdən yanaşın: rəngin görüntüsü, rəngin hansı emosiyanı ifadə etməsi və daşıdığı simvolik məna.
Mənbə: Babacan Ç. Öğretmenler için beden dili. Ankara, 2018
Hazırladı: TİPİM-in əməkdaşı Aynur Rəhimova